Fərdin informasiya mədəniyyətinin qiymətləndirilməsi problemləri tədqiq olunub

24 Noyabr 2020 - 09:53 | Konfranslar, İclaslar
Fərdin informasiya mədəniyyətinin qiymətləndirilməsi problemləri tədqiq olunub

AMEA İnformasiya Texnologiyaları İnstitutunun Tədris-İnnovasiya Mərkəzinin (TİM) 2020-ci il üzrə hesabatı müzakirə olundu. Hesabatı təqdim edən mərkəzin rəhbəri, texnika elmləri üzrə fəlsəfə doktoru Rəsmiyyə Mahmudova cari il ərzində yerinə yetirilən elmi-tədqiqat işləri haqqında ətraflı məlumat verdi. Qeyd etdi ki, Mərkəzdə informasiya texnologiyaları və informasiya cəmiyyətinin formalaşmasının elmi-nəzəri problemlərinin araşdırılması və effektiv metodların işlənməsi istiqaməti üzrə tədqiqatlar aparılıb. O, fərdin informasiya mədəniyyətinin qiymətləndirilməsi problemləri, jest informatikasının istiqamətləri, hədəfləri və texnologiyaları, intellektual oyun texnologiyalarının İnformatika fənninin tədrisinə inteqrasiyasının analizi ilə bağlı tədqiqatların davam etdirildiyini diqqətə çatdırdı.

TİM-in rəhbəri Mərkəzin elmi-innovasiya fəaliyyətindən bəhs edərək AMEA-nın magistratura pilləsinə qəbul olunmuş magistrlərə ümumi fənlərdən dərs və imtahanların təşkili işlərinin görüldüyünü bildirdi.

R.Mahmudova mərkəzin elmi-pedaqoji və elmi-təşkilati fəaliyyəti, elmi-texniki konfranslarda iştirak, tanınmış jurnallarda elmi məqalələrin nəşri, əldə olunmuş nəticələrin KİV-də təbliği və s. ilə bağlı həyata keçirilən tədbirlər haqqında məlumat verdi.

Sonda hesabatla bağlı ətraflı fikir mübadiləsi aparıldı. AMEA-nın vitse-prezidenti, institutun direktoru, akademik Rasim Əliquliyev çıxış edərək TİM-in illik fəaliyyəti ilə bağlı təklif və tövsiyələrini səsləndirdi, mərkəzin elmi fəaliyyətinin daha da gücləndirilməsinə dair tapşırıqlar verdi.

Elmi şuranın qərarı ilə mərkəzin hesabatı qənaətbəxş hesab edildi.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.