IV sənaye inqilabının sosial-iqtisadi trendləri ilə bağlı tədqiqatlar aparılıb

22 Noyabr 2020 - 10:18 | Konfranslar, İclaslar
IV sənaye inqilabının sosial-iqtisadi trendləri ilə bağlı tədqiqatlar aparılıb

AMEA İnformasiya Texnologiyaları İnstitutunun 17 saylı şöbəsinin 2020-ci il üçün hesabatı dinlənildi. Hesabatı təqdim edən şöbənin baş mütəxəssisi Rasim Mahmudov cari ildə yerinə yetirilən elmi-tədqiqat işləri haqqında məlumat verdi. O, bu il elektron dövlətin, biliklər iqtisadiyyatının, e-təhsilin formalaşması problemləri istiqamətində araşdırmaların aparıldığını diqqətə çatdırdı.

R.Mahmudov “E-dövlətin formalaşdırılması və effektli idarə olunması üçün mexanizmlərin işlənilməsi” mövzusu üzrə görülmüş işlərdən danışdı. Bildirdi ki, vətəndaş məmnuniyyəti əsasında dövlət xidmətlərinin qiymətləndirilməsi, COVID-19 pandemiyasının yayılmasının modelləşdirilməsi, e-dövlət mühitində e-demoqrafiya sisteminin arxitekturasının işlənilməsi üzrə elmi tədqiqatlar aparılmışdır.

O, biliklər iqtisadiyyatının formalaşması problemləri istiqamətində “IV sənaye inqilabının sosial-iqtisadi trendlərinin araşdırılması” mövzusu üzrə tədqiqatların aparıldığını, kiberfiziki sistemlərin sosial-iqtisadi perspektivlərinin, Big Data fəaliyyətinin tənzimlənməsi məsələlərinin, Big Data-nın iqtisadi qanunauyğunluqlarının araşdırıldığını qeyd etdi.

Həmçinin “E-dövlət platformasında vətəndaşların sosial kredit sisteminin yaradılması mexanizmləri, metodları və alqoritmlərinin işlənməsi” mövzusunda aparılan tədqiqatları diqqətə çatdıraraq, e-dövlət mühitində vətəndaşın sosial kreditinin qiymətləndirilməsi problemləri və perspektivlərinin, e-dövlət mühitində fərdi məlumatlar əsasında sosial münasibətlərin aşkarlanması və identifikasiyası problemlərinin araşdırıldığını, kiber-fiziki sistemlərin tətbiqi ilə sosial kreditin qiymətləndirilməsi texnologiyalarının işlənildiyini söylədi.

R.Mahmudov şöbədə informasiya-kommunikasiya texnologiyaları kontekstində folklorun elmi-nəzəri əsaslarının araşdırılması istiqamətində informasiya təhlükəsizliyi problemlərinin həll olunmasında folklorun rolunun araşdırıldığını və tövsiyələrin işləndiyini nəzərə çatdırdı. Qeyd etdi ki, milli mentalitet və sosial stereotiplərin təsiri kontekstində fərdi məlumatların qorunması problemləri, rəqəmsal folklorun formalaşdırılması problemləri araşdırılmış, folklor resurslarında formalaşmış təbii intellekt modelləri ilə süni intellekt modellərinin qarşılıqlı əlaqələri analiz edilmişdir.

Məruzəçinin sözlərinə görə, cari ildə virtual məkanda dil problemləri araşdırılmış və müvafiq təkliflər işlənmişdir. Ktematonimlərin virtual mühitinin elmi-nəzəri əsaslarının işlənməsi, virtual mühitdə toponimlərdən informasiya müharibəsi məqsədilə istifadə modelinin işlənməsi istiqamətində tədqiqatlar aparılmışdır.

O, həmçinin şöbənin gənc tədqiqatçıları tərəfindən korporativ təhsil mühitində sosial şəbəkələrin analizi üçün metod və alqoritmlərin işlənməsi, etnobotanika informasiya sisteminin işlənməsi mövzuları üzrə görülən işləri təqdim etdi, nəşr olunmuş məqalələr barədə məlumat verdi.

Daha sonra məruzəçi cari ildə şöbə əməkdaşlarının elmi-innovasiya və praktiki fəaliyyəti barədə ətraflı məlumat verdi. O, “Azərbaycan Respublikasında informasiya cəmiyyətinin inkişafına dair 2014-2020-ci illər üçün Milli Strategiya”nın və “Azərbaycan Respublikasında telekommunikasiya və informasiya texnologiyalarının inkişafına dair Strateji Yol Xəritəsi” Strategiyasının həyata keçirilməsinə elmi dəstəyin verilməsi, Viki-Mərkəzin fəaliyyəti və s. ilə əlaqədar bir sıra işlərin həyata keçirildiyini bildirdi, “İnformasiya Texnologiyaları Problemləri” və “İnformasiya Cəmiyyəti Problemləri” jurnallarının redaksiyasından daxil olan məqalələrə rəy verildiyini qeyd etdi.

R.Mahmudov cari ildə şöbə əməkdaşları tərəfindən nüfuzlu beynəlxalq jurnallarda və AR Prezidenti yanında Ali Attestasiya Komissiyası tərəfindən tövsiyə olunan jurnallarda nəşr olunan məqalələr, elmi-texniki konfrans, seminar və simpoziumlarda çıxışlar haqqında məlumat verdi. Həmçinin, şöbənin elmi-təşkilati və elmi-pedaqoji fəaliyyəti, beynəlxalq elmi əməkdaşlığı, əldə edilən nəticələrin KİV-də təbliği çərçivəsində görülmüş işləri diqqətə çatdırdı.

Sonra çıxış edən AMEA-nın vitse-prezidenti, institutun direktoru, şöbənin rəhbəri, akademik Rasim Əliquliyev hesabata dair təkliflərini səsləndirdi. Alim şöbədə aparılan elmi-tədqiqat işləri üzrə araşdırmaların daha da dərinləşdirilməsini tövsiyə etdi.

Sonda hesabatla bağlı fikir mübadiləsi aparıldı, suallar cavablandırıldı. Elmi şuranın qərarı ilə şöbənin hesabatı qənaətbəxş hesab edildi.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.