AMEA İnformasiya Texnologiyaları İnstitutunda 2 saylı şöbənin “Saxta profillərin klasterizasiyası” mövzusuna həsr edilmiş onlayn elmi seminarı keçirildi. Məruzəni təqdim edən institutun əməkdaşı Xəyalə Əhmədova sosial şəbəkələrdə qrup şəklində fəaliyyət göstərən saxta profillərin növləri, onların aşkarlanması əlamətləri və saxta profil qrupları ilə bağlı bəzi yanaşmalar haqqında məlumat verdi.
Məruzəçi sosial şəbəkələrdə saxta profil qruplarının aşkarlanması zamanı istifadə edilmiş əlamət siniflərini diqqətə çatdırdı, saxta profil qruplarının fəaliyyətinin onların növlərindən asılı olaraq dəyişdiyini qeyd etdi. Saxta profil qruplarının aşkarlanması üzrə təklif edilmiş bir sıra modellər haqqında məlumat verən X. Əhmədova saxta profillərin klasterizasiyasının (qruplara bölünməsinin) əhəmiyyətini önə çəkdi.
Tədqiqatçı bildirdi ki, sosial şəbəkələrdən seçkilərə təsir etmək, ictimai rəyin yönləndirilməsi, şəxslərin və ya brendlərin nüfuzdan salınması, “rəngli” inqilablara təşəbbüs edilməsi və s. kimi məqsədlərlə insanların manipulyasiya edilməsi zamanı troll profillər, sibil hesablar kimi qrup şəklində fəaliyyət göstərən saxta profillər geniş istifadə edilir. Klassifikasiya metodlarının tətbiqi zamanı profillər tək-tək analiz edildiyinə görə, klasterizasiya metodlarının tətbiqi ilə saxta profil qruplarının aşkarlanması daha səmərəlidir.
Daha sonra məruzəçi saxta profillərin klasterizasiyası üçün apardığı eksperimentlər və bu zaman istifadə etdiyi bazalar haqqında məlumat verdi. O, eksperimentlər zamanı, əsasən, profil əsaslı əlamətlərdən, eləcə də lazımi əlamətlərin seçilməsi üçün ranq və əsas komponentlərin analizi (Principal Component Analysis, PCA) əsasında seçilmiş əlamətlərdən istifadə etdiyini vurğuladı. Verilənlərə k-means və DBSCAN alqoritmlərinin tətbiqi zamanı əksər hallarda k-means alqoritminin daha yaxşı nəticə verdiyini söylədi.
Sonda məruzə ətrafında müzakirələr aparıldı, suallar cavablandırıldı. Şöbə müdiri, texnika üzrə fəlsəfə doktoru, dosent Yadigar İmamverdiyev sosial şəbəkələrdə saxta profillərin aşkarlanması üçün maşın təlimi yanaşmaları əsasında metod və alqoritmlərin işlənməsi istiqamətində tədqiqatların daha da dərinləşdirilməsini və məqalələrin hazırlanmasını tövsiyə etdi.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.