Magistrantların dissertasiya mövzuları ilə bağlı müzakirələr aparıldı

19 Oktyabr 2020 - 11:04 | Konfranslar, İclaslar
Magistrantların dissertasiya mövzuları ilə bağlı müzakirələr aparıldı

AMEA İnformasiya Texnologiyaları İnstitutuna 2020/2021-ci tədris ili üzrə qəbul olunmuş magistrantların dissertasiya mövzuları ilə bağlı məsələ Elmi şuranın onlayn iclasında müzakirə olundu.

İnstitutun Təhsil şöbəsinin müdiri, texnika üzrə fəlsəfə doktoru, dosent Fərhad Yusifov çıxış edərək cari ildə magistraturaya 5 nəfərin qəbul olunduğunu xatırlatdı. Məruzəçi magistrantların dissertasiya mövzuları haqqında məlumat verərək gənc tədqiqatçıların klasterləşdirmənin keyfiyyətinin qiymətləndirilməsi, pilotsuz uçuş aparatlarının yaradılması texnologiyalarının tədqiqi, kibercinayətkarlıq vasitələri və metodlarının müqayisəli analizi, kiberfiziki sistemlərdə çoxfaktorlu autentifikasiya metodunun işlənilməsi, elektron dövlətin idarə olunmasının qabaqcıl modellərinin tədqiqi və analizi istiqamətlərində araşdırmalar apardıqlarını diqqətə çatdırdı.

Hər bir magistrantın elmi rəhbəri çıxış edərək dissertasiya mövzuları çərçivəsində nəzərdə tutulan tədqiqatlar haqqında məlumat verdilər.  Magistrantlarla dissertasiya mövzuları ilə bağlı onlayn görüşlərin keçirildiyini, lazımi metodik vəsaitlərin elektron versiyalarının onlara göndərildiyini və tövsiyələr verildiyini qeyd etdilər.

Sonra AMEA-nın vitse-prezidenti, institutun direktoru, akademik Rasim Əliquliyev çıxış etdi. Alim  magistrantlara elmi rəhbərləri ilə mütəmadi olaraq əlaqə saxlayaraq dissertasiya çərçivəsində görülən işləri müzakirə etməyi tövsiyə etdi. Qeyd etdi ki, müəyyən olunmuş mövzu üzrə beynəlxalq təcrübənin və tanınmış elmi jurnallarda dərc olunan məqalələrin araşdırılması, eləcə də şöbə daxilində fikir mübadiləsinin aparılması tədqiqatların səmərəliliyinin artırılması baxımından önəmlidir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.