Azərbaycan alimlərinin birgə tədqiqatları onlayn beynəlxalq konfransda təqdim olunub

06 Sentyabr 2020 - 12:53 | Konfranslar, İclaslar
Azərbaycan alimlərinin birgə tədqiqatları onlayn beynəlxalq konfransda təqdim olunub

26-28 avqust 2020-ci il tarixlərdə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin dəstəyi, Bakı Dövlət Universitetinin Tətbiqi Riyaziyyat Elmi-Tədqiqat İnstitutunun təşkilatçılığı ilə Bakıda Sənaye Tətbiqli İdarəetmə və Optimallaşdırma 7-ci beynəlxalq konfransı (COIA-2020) onlayn formada həyata keçirilib.

Virtual konfransın keçirilməsində əsas məqsəd alim və tədqiqatçılar, eləcə də tələbələrlə birgə fikir mübadiləsinin aparılması, əldə olunan nəticələrin müzakirə edilməsi üçün sənaye mütəxəssisləri ilə görüşün baş tutacağı vahid platformanın yaradılması olub.

Konfransda AMEA-nın vitse-prezidenti, İnformasiya Texnologiyaları İnstitutunun direktoru, akademik Rasim Əliquliyev, şöbə müdirləri Şakir Mehdiyev və Təhmasib Fətəliyevin həmmüəllifi olduqları “Neft və qaz kompleksinin Sənaye 4.0 həlləri əsasında qurulmasının konseptual məsələləri” adlı məruzəni T.Fətəliyev təqdim edib.

İnstitutun şöbə müdiri, AMEA-nın müxbir üzvü, texnika üzrə elmlər doktoru, professor Məsumə Məmmədova və baş elmi işçi, texnika üzrə fəlsəfə doktoru, dosent Zərifə Cəbrayılovanın müəllifi olduqları “Dəniz neft-qaz sənayesində personalın sağlamlığının idarə olunmasına IoT texnologiyaları əsasında konseptual yanaşma” mövzusunda M.Məmmədova məruzə edib.

İnstitutun texnologiyalar üzrə direktor müavini, texnika üzrə fəlsəfə doktoru, dosent Rəşid Ələkbərov və böyük elmi işçi, texnika üzrə fəlsəfə doktoru Məmməd Həşimovun həmmüəllifliyi ilə hazırlanan “Scada sistemlərinin cloud computing mühitində təhlükəsizlik məsələləri” adlı məruzəni isə R.Ələkbərov təqdim edib.

“COIA-2020” “İdarəetmə nəzəriyyəsi”, “Optimallaşdırma”, “İntellektual sistemlər”, “Şəbəkə və telekommunikasiya”, “Ədədi və hesablama metodları”, “Riyazi modelləşdirmə və simulyasiya”, “Sənaye və iqtisadiyyatda tətbiqlər”, “İdentifikasiya”, “Fiziki problemlərdə optimallaşdırma prosedurlarının prosedurlarının tətbiqi” mövzularını əhatə edib.

Plenar görüşlərdə tanınmış alimlər idarəetmə və optimallaşdırmanın müxtəlif aspektlərinə dair çıxış ediblər.

Qeyd edək ki, konfransın saytında dünyanın müxtəlif ölkələrindən 476 alim və tədqiqatçı qeydiyyatdan keçib. Redaksiyaya 300-ə qədər məqalə daxil olub, rəy prosesindən sonra 256 məqalə konfransın materiallarında dərc olunub. İştirakçılar Azərbaycan, Türkiyə, Ukrayna, Rusiya, İran, Hindistan, Şimali Kipr Türk Cümhuriyyəti, Meksika, Qazaxıstan, Qırğızıstan, Almaniya, Özbəkistan, İtaliya və Küveyti təmsil ediblər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.