AMEA İnformasiya Texnologiyaları İnstitutunun AzScienceNet Elm Kompüter Şəbəkəsi Türk dövlətləri Milli Elmlər Akademiyalarının COVID-19 pandemiyası dövründəki fəaliyyətinə həsr olunmuş onlayn iclasının keçirilməsinə texniki dəstək göstərib. Bu dəstəyin həyata keçirilməsində GEANT EaPConnect layihəsinin Azərbaycan üzrə təmsilçisi olan AzScienceNet şəbəkəsinin əməkdaşları, institutun Beynəlxalaq əlaqələr şöbəsinin müdiri, texnika üzrə fəlsəfə doktoru Babək Nəbiyev və Səməd Dursunov iştirak ediblər.
21 aprel 2020-ci il tarixdə Qazaxıstanın paytaxtı Nur-Sultan şəhərində Beynəlxalq Türk Akademiyasının təşkilatçılığı ilə keçirilən tədbirdə böhran vəziyyətlərində Türk dövlətlərində elmin hazırki vəziyyəti, pandemiya dövründə qəbul olunmuş qərarların təcrübə mübadiləsi, eləcə də elmi əməkdaşlığın perspektiv istiqamətləri müzakirə olunub.
AMEA-nın birinci vitse-prezidenti, akademik İsa Həbibbəyli tədbirə videokonfrans sistemi vasitəsilə qatılıb. Onlayn iclasda, həmçinin digər türk dövlətləri akademiyalarının təmsilçiləri çıxış ediblər.
Tədbirin sonunda Türk Dövlətləri Elmlər Akademiyalarının COVID-19 Pandemiya görüşü ilə bağlı qətnaməsi imzalanıb. Sənəddə mövcud böhran dövründəki türk dövlətlərində və respublikalarında elmi əlaqələri inkişaf etdirmək üçün irəliləyişlər etmək, elm adamlarının inteqrasiyasını dərinləşdirmək, türk respublikalarında elm adamlarının təcrübələrini və nəşrlərini bölüşmək, birgə layihələr həyata keçirmək, türk dövlətləri və respublikalarında informasiya texnologiyalarının çoxistiqamətli inkişafında səyləri birləşdirmək kimi məsələlər yer alıb.
Qeyd edək ki, ölkədə xüsusi karantin rejimi ilə əlaqədar olaraq, AzScienceNet şəbəkəsinin fasiləsiz iş rejimində fəaliyyətini davam etdirməsi üçün qurumun əməkdaşlarından ibarət işçi qrup yaradılıb. Hazırda AzScienceNet ölkəmiz üçün mühüm əhəmiyyət kəsb edən telekommunikasiya xidmətləri göstərir. AMEA-nın əməkdaşları ev şəraitində bu şəbəkənin təqdim etdiyi xidmətlərdən istifadə etməklə elmi fəaliyyətlərini davam etdirirlər.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.