AMEA İnformasiya Texnologiyaları İnstitutunun 11 saylı şöbəsinin 2020-ci il üzrə fəaliyyət planı müzakirə olundu. Planı təqdim edən şöbə müdiri Şakir Mehdiyev cari ildə nəzərdə tutulan elmi-tədqiqat işləri haqqında məlumat verdi.
O, informasiya texnologiyaları və informasiya cəmiyyətinin formalaşmasının elmi-nəzəri problemlərinin araşdırılması və effektiv metodların işlənməsi istiqamətində tədqiqatların bu il də davam etdiriləcəyini diqqətə çatdırdı.
Şöbə müdiri kiberfiziki sistemlərdə texniki xidmətin arxitektur-texnoloji prinsiplərinin araşdırılması, Industry 4.0 konsepsiyası əsasında neft-qaz sənayesinin kiberfiziki infrastrukturunun formalaşması və intellektual analizi texnologiyalarının işlənilməsi məsələlərin tədqiqinin də nəzərdə tutulduğunu qeyd etdi. Bildirdi ki, “Dew computing: mövcud vəziyyəti və perspektivləri”, eləcə də “Videomüşahidə sistemlərinin arxitektur və texniki əsasları” araşdırılacaq.
Məruzəçi şöbənin elmi-innovasiya və praktiki fəaliyyəti çərçivəsində görüləcək işlərdən bəhs edərək vurğuladı ki, cari ildə AR Dövlət Neft Şirkətinin Elm Fondu tərəfindən maliyyələşdirilən “Industry 4.0 konsepsiyası əsasında neft-qaz sənayesinin kiber-fiziki infrastrukturunun formalaşması və intellektual analizi texnologiyalarının işlənilməsi” qrant layihəsinin tədqiqatı aparılacaq. Direktor müavini bununla yanaşı, cari ildə AMEA-nın institut və təşkilatlarına məxsus olan fərdi kompüterlərdə mühəndis və proqram xidmətlərinin yerinə yetirilməsi, təmir-sazlama və onların texniki imkanlarının artırılması işlərinin həyata keçiriləcəyini bildirdi.
O, həmçinin şöbədə elmi-pedaqoji və elmi-təşkilati fəaliyyət, tanınmış elmi jurnallarda məqalələrin nəşri, elmi-praktiki nəticələrin KİV-də təbliği ilə bağlı görüləcək işləri nəzərə çatdırdı.
Sonda fəaliyyət planı ilə bağlı ətraflı fikir mübadiləsi aparıldı, təklif və tövsiyələr səsləndirildi.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.