AMEA İnformasiya Texnologiyaları İnstitutunda şöbələrin 2020-ci il üzrə fəaliyyət planlarının müzakirəsinə start verildi.
1 saylı şöbənin 2020-ci il üçün fəaliyyət planını təqdim edən institutun baş mühəndisi, texnika üzrə fəlsəfə doktoru, dosent Məkrufə Hacırəhimova yerinə yetiriləcək elmi-tədqiqat işləri haqqında məlumat verdi.
Məruzəçi bildirdi ki, cari ildə informasiya texnologiyaları və informasiya cəmiyyətinin formalaşmasının elmi-nəzəri problemlərinin araşdırılması və effektiv metodların işlənməsi istiqamətində araşdırmalar aparılacaq. Onun sözlərinə görə, bu məqsədlə “Böyükhəcmli məlumatlar toplusundan biliklərin əldə olunmasına dair elmi problemlər öz həllini tapacaq.
M. Hacırəhimova “Böyük verilənlərin analizi üçün metod və alqoritmlərin işlənilməsi”, “Neft mədənləri üçün yeni nəsil süni intellekt texnologiyalarının işlənməsi” və “Big Data və rəqəmsal irs problemləri və onların həlli yolları” mövzusunda aparılacaq tədqiqatlardan bəhs etdi. O, qeyd etdi ki, bu məqsədlə böyük sosial media məlumatlarının sentiment analizi üçün dərin təlim modelinin elmi-nəzəri problemlərinin, böyük ölçülü məlumatlarda anomaliyaların aşkarlanması metodlarının, neft yataqlarının neftvermə əmsalının proqnozlaşdırılması üçün maşın təlimi modelinin və böyükhəcmli verilənlərdə sürətli alqoritmin işlənilməsi nəzərdə tutulub.
M.Hacırəhimova şöbənin elmi-innovasiya fəaliyyətindən söz açaraq, cari ildə şöbə əməkdaşlarının qrant layihələrdə iştirakının nəzərdə tutulduğunu, müxtəlif elmi-texniki ekspertiza işlərinin həyata keçiriləcəyini bildirdi.
O, həmçinin şöbənin elmi-pedaqoji və elmi-təşkilati fəaliyyəti, nüfuzlu jurnallarda məqalələrin nəşri, respublika və beynəlxalq səviyyəli kofranslarda iştirakı, elmi-praktiki nəticələrin KİV-də təbliği ilə bağlı görüləcək işlər haqqında ətraflı məlumat verdi.
Daha sonra institutun 2 saylı şöbəsinin müdiri, texnika üzrə fəlsəfə doktoru, dosent Yadigar İmamverdiyev rəhbərlik etdiyi şöbənin cari ildə nəzərdə tutulan elmi-tədqiqat fəaliyyəti, şöbə əməkdaşlarının elmi seminarlarda və konfranslarda məruzələri, eləcə də beynəlxalq səviyyəli elmi jurnallarda məqalələrin nəşri və s. ilə bağlı görüləcək işlər haqqında məlumat verdi.
Bildirdi ki, informasiya texnologiyaları və informasiya cəmiyyətinin formalaşmasının elmi-nəzəri problemlərin araşdırılması və effektiv metodların işlənməsi istiqamətində araşdırmalar aparılacaq. O, qeyd etdi ki, bu istiqamətdə aparılan araşdırmalarda informasiya təhlükəsizliyinin təmin olunması problemləri nəzərdən keçiriləcək.
Y.İmamverdiyev “E-dövlətin informasiya təhlükəsizliyinin idarə edilməsi metodlarının işlənməsi”, “Kompüter şəbəkələrinin intellektual monitorinqi üçün metod və modellərin işlənilməsi”, “Bulud texnologiyalarında informasiya təhlükəsizliyinin təmin edilməsi üçün metod və alqoritmlərin işlənməsi”, “Kiber-fiziki sistemlərdə informasiya təhlükəsizliyinin təmin edilməsi metodları”, “İnformasiya təhlükəsizliyinin menecmenti problemləri”, “Zərərli proqram təminatının aşkarlanması üçün intellektual analiz metodlarının işlənməsi”, “Obyekt asılılığı olan rollar əsasında internet mühitində informasiya axtarışının səmərəliliyinin yüksəldilməsi üçün model və alqoritmlərin işlənməsi” mövzuları üzrə tədqiqatların aparılacağını diqqətə çatdırdı. O, həmçinin “Şəbəkə mühitində zaman sıralarında informasiya təhlükəsizliyi üzrə anomaliya-ların aşkarlanması üçün metod və alqoritmlərin işlənməsi”, Sosial şəbəkələrdə saxta profillərin aşkarlanması metodları”, “Kriptovalyuta verilənlərinin intellektual analizi metodları”, “Kompüter şəbəkələrinin təhlükəsizliyinin qiymətləndirilməsi metodları”, “Veb saytların informasiya təhlükəsizliyinin test edilməsi metodları”, “Zərərli proqram təminatının statik və dinamik analizi metodları” mövzuları üzrə görüləcək işlər və tədqiqat istiqamətləri haqqında məlumat verdi.
Elmi-innovasiya fəaliyyətindən bəhs edən şöbə müdiri informasiya təhlükəsizliyinin menecmenti üzrə innovativ həllərin işlənməsi və müvafiq dövlət proqramlarında iştirakın nəzərdə tutulduğunu vurğuladı.
Sonra institutun 3 saylı şöbəsinin 2020-ci il üzrə fəaliyyət planı müzakirə olundu.
Şöbə müdiri Təhmasib Fətəliyev çıxış edərək cari ildə şöbədə informasiya texnologiyaları və informasiya cəmiyyətinin formalaşmasının elmi-nəzəri problemlərinin araşdırılması və effektiv metodlarının işlənməsi istiqamətində e-elmin formalaşması problemlərinin araşdırılacağını diqqətə çatdırdı.
O, bildirdi ki, “Elmi biliklərin avtomatik əldə olunması”, “Industry 4.0 konsepsiyası əsasında neft-qaz sənayesinin kiber-fiziki infrastrukturunun formalaşması və intellektual analizi texnologiyalarının işlənilməsi”, “Vətəndaş elmi və Könüllülər hərəkatının qarşılıqlı əlaqəsi və inkişafı perspektivləri” məsələləri 2020-ci ildə planlaşdırlan tədqiqatlar sırasındadır.
T.Fətəliyev, həmçinin şöbənin elmi-innovasiya fəaliyyəti çərçivəsində görüləcək işlərindən danışdı və tədqiqat sahəsi üzrə qrant layihəsinin hazırlanmasının nəzərdə tutulduğunu diqqətə çatdırdı.
Fəaliyyət planlarına dair müzakirələr aparıldı, sual və təkliflər səsləndirildi.
AMEA-nın vitse-prezidenti, institutun direktoru, akademik Rasim Əliquliyev şöbələrin fəaliyyət planlarına dair təkliflərini bildirdi. Alim tədqiqatların daha da dərinləşdirilməsini və elmi-nəzəri fəaliyyətin gücləndirilməsini tövsiyə etdi və kadr potensialının artırılmasının vacibliyini vurğuladı.
Sonda Elmi şuranın qərarı ilə şöbənin fəaliyyət planı təsdiq olundu.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.