"Ölkələrarası inteqrasiya proseslərinin ölçülməsinə bir yanaşma haqqında" mövzusunda seminar keçirildi

21 Oktyabr 2014 - 17:02 | Konfranslar, İclaslar

AMEA İnformasiya Texnologiyaları İnstitutunda növbəti elmi seminar keçirildi.  16 saylı şöbənin müdiri Gülnarə Nəbibəyova "Ölkələrarası inteqrasiya proseslərinin ölçülməsinə bir yanaşma haqqında" mövzusunda məruzəsini təqdim etdi. Beynəlxalq münasibətlərdə inteqrasiyanın rolundan danışan məruzəçi bildirdi ki, inteqrasiya tendensiyası ölkələr arasında qarşılıqlı təsirin daha yüksək səviyyəsidir. O,  makroiqtisadiyyatın üstünlüklərindən istifadə, əlverişli xarici siyasət mühitinin yaradılması və gömrük siyasəti məsələlərinin həllinin inteqrasiyanın əsas məqsədlərindən olduğunu vurğuladı.

Qeyd etdi ki, iştirakçı ölkələrin coğrafi yaxınlığı, ümumi tarixi keçmiş, yüksək siyasi mədəniyyət ölkələrarası inteqrasiyaya təsir edən amillərdir. Ölkələrin inteqrasiya göstəricilərinə isə beynəlxalq müqavilələr və ölkələrin dövlət orqanları arasında keçirilən görüşlərin sayı aiddir.

Məruzəçi, xarici siyasət sahəsində OLAP-texnologiyasına əsaslanan qərarların qəbul edilməsini dəstəkləyən sistemlərdə ölkələrin inteqrasiyası prosesinin əks olunmasını, həmçinin sistem vasitəsilə bir sıra indikatorların avtomatik alınmasını təqdim etdi.

Məruzə ətrafında fikir mübadiləsi aparıldı, sual və təkliflər səsləndirildi.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.