“Həmkar” robotlara yeni bacarıq və vərdişlər aşılanır

27 Dekabr 2019 - 12:27 | Maraqlı məlumatlar
“Həmkar” robotlara yeni bacarıq və vərdişlər aşılanır

Agility Robotics” şirkəti insanabənzər “Digit” robotlarının yeni bacarığını aşkar edib. Robotlar üç qutunu bir-birinə ötürərək bir masadan digərinə asanlıqla daşıya biliblər.

Mühəndislər robotların insanlarla deyil, bir-biri ilə qarşılıqlı əlaqə yaratmaq və birlikdə tapşırıqlar yerinə yetirmələri üzərində çalışıblar.

nanonewsnet.ru saytının məlumatına görə, aparılan sınaqlar zamanı masanın üzərinə 3 qutu yerləşdirilib. Robotların vəzifəsi bu qutuları bir-birinin qarşılıqlı köməyilə digər masaya aparmaq olub.  Nəticədə “Digit”lər tapşırılan işin öhdəsindən gələ biliblər.

Xatırladaq ki, “Digit” ilk dəfə bu ilin əvvəllərində “Agility Robotics” şirkəti tərəfindən təqdim edilən insanabənzər robotdur. Quruluşu bütövlükdə insana bənzəyir: robotun iki əli, iki ayağı var və başın yerinə maneələrin hərtərəfli izlənməsi üçün qapaq yerləşdirilib. Həmçinin, “Digit”-də obyektləri müşahidə etmək üçün stereo kameralar mövcuddur. Bir müddət öncə bu robotlara insanlarla düzgün məsafədə dayanmaq da öyrədilib.

Şirkət 2020-ci ildə robotu satışa çıxarmağı planlaşdırır, buna görə də hazırda mühəndislər bu insanabənzər qurğuya yeni bacarıq və vərdişlər aşılamağa çalışırlar.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.