Bu gün Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında GEANT-ın (Avropa Elm və Təhsil Şəbəkələri Assosiasiyası) qurumlarının nümayəndələrinin iştirakı ilə LOLA (LOw LAtency – aşağı gecikməli) audiovizual yayım sistemi daimi istismara verildi.
Estoniya ilə birgə keçirilən virtual tədbirdə AMEA-nın vitse-prezidenti, İnformasiya Texnologiyaları İnstitutunun direktoru, akademik Rasim Əliquliyev, Azərbaycan Respublikası təhsil nazirinin müavini Firudin Qurbanov, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının rektoru, professor Fərhad Bədəlbəyli, Rumıniyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri cənab Dan İanku, eləcə də GEANT-ın beynəlxalq layihələr üzrə meneceri Veronika Di Luna, qabaqcıl tətbiq xidmətləri üzrə koordinatoru Kladiou Allaçio, Estoniya Milli Tədqiqat və Təhsil Şəbəkəsinin (EENet of HITSA) meneceri Kristina Lillemets, Estoniya Musiqi və Teatr Akademiyasının rektoru, professor İvari İlya da iştirak edirdi.
Qonaqları salamlayan F.Bədəlbəyli, bu tədbirin Azərbaycanın elm və təhsili üçün mühüm əhəmiyyət kəsb etdiyini diqqətə çatdırdı. O, bildirdi ki, LOLA layihəsi real zamanda musiqi nümayişlərini təmin etmək məqsədi daşıyır və fiziki olaraq bir-birindən uzaq məsafədə olan ifaçı və musiqiçiləri qabaqcıl şəbəkə xidmətləri vasitəsilə onlayn bağlantı ilə bir araya gətirir. Rektor vurğuladı ki, bu texnologiya müxtəlif coğrafi ərazilərdə yerləşən tədbirlərdə iştirakı zəruri olan ifaçı və musiqiçilərin böyük zaman itkisinə səbəb olan səyahətlərinin onların həmin tədbirlərə onlayn bağlantı vasitəsilə qoşulması ilə əvəzlənməsinə xidmət edir. F.Bədəlbəyli LOLA sisteminin quraşdırılmasında göstərdiyi texniki dəstəyə görə AMEA-nın İnformasiya Texnologiyaları İnstitutuna və institutun direktoru akademik Rasim Əliquliyevə xüsusi minnətdarlığını bildirdi.
Tədbirdə çıxış edən F.Qurbanov Azərbaycanda elm və təhsilin inteqrasiyası istiqamətində görülən işlər barədə məlumat verdi. AzScienceNet-in ölkədə elm və təhsil sahələrinin inteqrasiyasında böyük imkanlara malik olduğunu xatırladan nazir AMEA və Təhsil Nazirliyi arasında bu istiqamətdə işgüzar əməkdaşlıq əlaqələrinin yüksələn xətt üzrə inkişaf etdiyini diqqətə çatdırdı. Bildirdi ki, artıq ölkənin 18 təhsil müəssisəsi AMEA-nın İnformasiya Texnologiyaları İnstitutunun AzScienceNet şəbəkəsi və Data Mərkəzin xidmətlərindən yararlanmaq imkanı əldə ediblər. Təhsil Nazirliyinin AzEduNet şəbəkəsinin AzScienceNet şəbəkəsinə inteqrasiyası istiqamətində işlərin genişləndirildiyini söyləyən F.Qurbanov təklif olunan 1 Gbit/san İnternet trafikdən 700 Mbit/san sürətin AzEduNet şəbəkəsinə təqdim olunduğunu qeyd etdi. Nazir müavini, həmçinin vurğuladı ki, GEANT ilə əməkdaşlıq əlaqələri Azərbaycan təhsil müəssisələrində aparılan elmi tədqiqatların səmərəliyinin artırılmasına geniş imkanlar yaradacaq.
Akademik R.Əliquliyev öz növbəsində, bu toplantının Azərbaycanın elm və təhsili üçün mühüm əhəmiyyət kəsb etdiyini diqqətə çatdırdı. O, qeyd etdi ki, Şərq Tərəfdaşlığının əsas məqsədlərindən biri genişzolaqlı İnternet şəbəkəsinin yaradılması və müvafiq ölkələrin aidiyyatı qurumlarının Avropanın elm və təhsil şəbəkəsinə inteqrasiyası, həmin ölkələrdə fəaliyyət göstərən alim və mütəxəssislərin beynəlxalq elmi əməkdaşlığına dəstək verilməsidir. Akademik rəhbərlik etdiyi qurumun da öz missiyasına uyğun olaraq bu prosesdə fəal iştirak etdiyini vurğuladı.
Onun sözlərinə görə, EaPConnect layihəsi çərçivəsində İnternet sürətinin 3Gb/s və backup (ehtiyat) xəttinin isə 1Gb/s sürətə çatdırılması üçün işlər aparılıb, təqdim olunan sürətin 70%-i isə, təhsil müəssisələri üçün ayrılıb.
Məruzəçi ötən ilin iyununda “Azərbaycan elm və təhsilinin Avropaya inteqrasiya olunmasında GEANT şəbəkəsinin rolu” mövzusunda keçirilən toplantıda Bakı Musiqi Akademiyasında LOLA xidmətinin yaradılmasının təklif olunduğunu xatırlatdı.
Daha sonra, “Bu gün biz rəqəmsal texnologiyaların ölkələr arasında elmi və mədəni əlaqələrin daha da inkişaf etdirilməsinə, eləcə də dünya xalqlarının mədəni irsinin təbliğinə əvəzolunmaz töhfələr verdiyinin şahidi oluruq” fikri ilə çıxışına başlayan Veronika Di Luna Avropa Komissiyasının maliyyə dəstəyi ilə reallaşdırılan, əsas koordinatoru GEANT Assosiasiyası olan və artıq 4 ildir ki, davam edən EaPConnect layihəsinin rəqəmsal fərqin aradan qaldırılması, region daxilində qarşılıqlı əlaqələrin yaxşılaşdırılması və yerli alim, tələbə və təqdiqatçıların qlobal tədqiqat və təhsil əməkdaşlığında iştirakının asanlaşdırılmasına imkan yaratmağı qarşısına məqsəd qoyduğunu diqqətə çatdırdı. Bildirdi ki, qloballaşan dünyada çoxsaylı tədqiqat müəssisələri arasında əlaqələrin möhkəmləndirilməsində EaPConnect layihəsi geniş imkanlar açır.
LOLA texnologiyasının 2017-ci ilin oktyabrında Estoniyada “Sərhədsiz musiqi” adlı tədbiri keçirilərkən işə salındığını qeyd edən İ.İlya, öz növbəsində, o zamandan etibarən texnologiyanın beynəlxalq şəbəkələri inkişaf etdirdiyini, LOLA-dan dəfələrlə nüfuzlu beynəlxalq institutlarla birgə istifadə edildiyini diqqətə çatdırdı. “Bakı Musiqi Akademiyası ilə mühazirələr və ustad dərsləri də daxil olmaqla, gündəlik elmi və yaradıcılıq fəaliyyətini əhatə edən uzaq məsafəli əməkdaşlığımızı yeni üslubda yeni nailliyyətlər ilə davam etdirmək bizim ən ümdə arzularımızdandır”, – deyə İ.İlya bildirib.
K.Allaçio təxminən 15 il bundan əvvəl dünya musiqiçilərinin öz xəyallarını gerçəkləşdirə bilmələri üçün informasiya kommunikasiya texnologiyaları mütəxəssislərinə müraciət etdiklərini xatırlatdı. “Biz bu gün həmin musiqiçilərin arzusunun reallığa çevrildiyinin şahidi oluruq. Artıq dünyanın müxtəlif ölkələrindən olan musiqiçilər eyni anda “eyni məkan”da birgə konsert keçirə bilir, dünya mədəniyyətinə misilsiz töhfələr bəxş edirlər. LOLA audiovizual yayım sistemi gənc musiqiçilərin qarşısında yeni qapılar açır. Gənc musiqiçilər və tələbələr LOLA-nın köməyilə peşəkarlardan ustad dərsləri ala, müxtəlif layihələrdə özlərini sınaya bilərlər”.
“Bu konsert texnologiya və şəbəkələrin misilsiz xariqələr yarada bildiyini bugün hamımıza nümayiş etdirir”, - deyən K.Lillemets Estoniya Milli Tədqiqat və Təhsil Şəbəkəsinin keçmiş tədbirlərdə EaPConnect layihəsinin tərəfdaşları, eləcə də Estoniya Musiqi və Teatr Akademiyası ilə əməkdaşlıq etdiyini, texniki sahələrdə əldə etdiyi təcrübəni daha da təkmilləşdirdiyini, ən önəmlisi, məhsuldar əməkdaşlıq münasibətlərini qurmaq imkanı yaratdığını diqqətə çatdırdı.
Daha sonra tədbir azərbaycanlı və estoniyalı musiqiçilərin virtual konserti ilə davam etdi. Konsertdə çıxış edən incəsənət nümayəndələri haqqında məlumatı buradan əldə etmək olar.
Bilik, incəsənət, elm və texnologiya arasında sərhəd olmadığını nümayiş etdirən LOLA səs və videonu aparatlar vasitəsilə birləşdirməklə insanları qəlbən və ruhən bir-birinə yaxın hiss etdirir.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.