Süni intellekt, virtual reallıq (VR), əlavə edilmiş reallıq (AR), 5G və avtomatlaşdırma kimi texnologiyalar əsasında yaradılmış xidmətlər göstərir ki, 2030-cu ilə qədər hisslərin İnterneti daha geniş əhatə dairəsinə malik olacaq.
“Ericsson” şirkəti hisslərin İnternetinə insanların baxışını müəyyənləşdirmək üçün hesabat xarakterli sorğu keçirərək yeni texnologiyalardan ilk istifadə edən 46 milyon insanın rəyinə müraciət edib. Məlumatlar Bangkok, Dehli, Cakarta, Yohannesburq, London, Mexiko, Moskva, Nyu-York, San-Fransisko, San-Paulo, Şanxay, Sinqapur, Stokholm, Sidney və Tokio kimi dünyanın 15 meqapolisindəki İnternet istifadəçiləri arasında keçirilmiş onlayn sorğular zamanı əldə edilib.
Tədqiqat iştirakçıları 2030-cu ilə qədər hisslərin İnternetinin daha geniş vüsət alacağını gözləyirlər. Elektron cihazlar üçün daha ciddi rəqabət fiziki reallığın ayrılmaz elementinə çevriləcək.
it-world.ru saytı tədqiqatın nəticəsi olaraq, 2030-cu il üçün 10 ümid-trendini təqdim edib:
Fikrin gücü ilə naviqasiya
Orta hesabla 59% istifadəçi inanır ki, sadəcə təyinat yeri haqqında düşünüb lazımi marşrutu VR eynəkdə görmək mümkün olacaq.
Mükəmməl səs təqlidi
İstifadəçilərin 67%-i hesab edir ki, mikrofonun köməyi ilə yad səsi o qədər mükəmməl təqlid edə biləcəklər ki, hətta ailə üzvlərini də yanlış fikrə yönləndirəcəklər.
İstəklərə söykənən zövq
Rəqəmsal dadbilmə hissi yaradan qurğular meydana gələcək. Bu da hər bir təamda sizə sevdiyiniz dadı xatırladacaq.
Rəqəmsal ətirlər
10 istifadəçidən təxminən 6-sı yaşadığı mənzildən çıxmadan şəhərətrafı həyatın xarakterik qoxuları ilə nəfəs almaq üçün rəqəmsal imkana güvənir.
Sərhədsiz hisslər
Rəyi soruşulanların 60% -dən çoxu ekranları rəqəmsal nişanlar şəklini alan və düymələri basmaq hissini ifadə edən smartfonları gözləyir.
Dünyaların birləşməsi
10 respondentdən 7-sinin qiymətləndirməsinə əsasən, VR texnologiyalarına əsaslanan oyunlar dünyası 2030-cu ilə qədər fiziki reallığın ayrılmaz parçasına çevriləcək.
“Yalnız və yalnız həqiqət”
Respondentlərin yarısı 2030-cu ilədək xəbər agentliklərinin faktları diqqətlə yoxlayacağına inanırlar.
Fərdi məlumatlara xələl gətirmədən istehlak
Rəyi soruşulanların yarısı şəxsi məlumatlarına nəzarəti itirdiklərini düşünürlər. İnsanlar qorxmadan fərdi məlumatlara əsaslanan xidmətlərdən istifadə etməyə imkan verəcək problemin həllini gözləyirlər.
Ekologiyaya xidmət edən İnternet
Hisslər İnternetinin imkanları sayəsində cəmiyyət ətraf mühitə daha çox məsuliyyətlə yanaşacaq.
Emosiyalara söykənən alış-veriş
İstifadəçilərin 45% - i hesab edir ki, ticarət platformaları İnternetdə alış-veriş zamanı bütün beş həssaslıqdan istifadə etmək imkanını yaradacaq.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.