AMEA Rəyasət heyətinin və İnformasiya Texnologiyaları İnstitutunun təşkilatçılığı ilə keçirilən “İnformasiya təhlükəsizliyinin aktual multidissiplinar elmi-praktiki problemləri” V respublika konfransında AMEA-nın müxbir üzvi, şöbə müdiri, texnika üzrə elmlər doktoru, professor Məsumə Məmmədova “E-tibb mühitində fərdi məlumatların informasiya təhlükəsizliyi problemləri” adlı məruzə ilə çıxış etdi.
Məruzəçi bir çox ölkələrdə əhaliyə tibbi xidmət göstərilməsinin təşkili üzrə yeni yanaşmaların və istiqamətlərin meydana gəlməsində informasiya, telekommunikasiya və tibbi texnologiyaların sürətli inkişafının əhəmiyyətli dərəcədə təsir göstərdiyini söylədi. Diqqətə çatdırdı ki, dövlətin ən vacib sosial vəzifəsi vətəndaşların yaşayış yerindən və sosial vəziyyətindən asılı olmayaraq əlyetərli, vaxtında və keyfiyyətli tibbi yardım almaq hüquqlarını təmin etməkdir.
O, qeyd etdi ki, informasiya texnologiyalarının tibbdə istifadəsinin səmərəliliyi mənfi fəsadların və nəticələrin sayının, eləcə də tibbi xərclərin azaldılması, tibbi xidmətlərin keyfiyyətinin artırılması ilə təyin olunur. Hazırda bu vəzifələrin yerinə yetirilməsi üçün innovativ yanaşmalar və İKT-nin müxtəlif tibbi məsələlərin həllinə tətbiqi istiqamətində fəaliyyətin geniş vüsət aldığı da nəzərə çatdırıldı.
M.Məmmədova e-tibb və onun komponentləri, istiqamətləri, eləcə də elmi problemləri barədə məlumat verdi. E-tibb konsepsiyasının əsasını təşkil edən fərdi tibbi məlumatların (FTM) əsas mənbəyinin elektron sağlamlıq kartının (ESK) olduğunu diqqətə çatdıran məruzəçi fərdi məlumatların fərdin toxunulmazlıq hüququ ilə təmin olunan dəyər olduğunu qeyd etdi. Onun sözlərinə görə, pasiyentin şəxsi məlumatlarının və həkim sirrinin mühafizəsinin zəruriliyi, vaxtında tibbi yardımın göstərilməsi üçün tibbi sənədlərlə iş üçün ciddi vaxt reqlamentinin mövcudluğu və pasiyentin səhhəti haqqında informasiyanın kritik məlumatlar sırasına aid edilməsi, informasiya təhlükəsizliyinin təmin edilməsinin üç tərkib hissəsi olan informasiyanın konfidensiallığı, tamlığı və əlyetərliyi arasında səmərəli balansın gözlənilməsi FTM-in təhlükəsizlik rejiminin seçilməsində nəzərə alınmalıdır.
O, ESK infrastrukturunda FTM-in məxfiliyi və təhlükəsizliyinə qarşı təşkilati və texniki təhdidlər barədə də danışdı. Bildirdi ki, FTM-in informasiya təhlükəsizliyinin pozulması özəl həyatın toxunulmazlığı, şəxsi sağlamlıq və təhlükəsizlik, maliyyə və kommersiya konfidensiallığı, işəgötürənlər, sığorta şirkətləri tərəfindən əsassız ayrıseçkilik, siyasi və karyera yüksəlişi üçün maneələr və s. kimi ciddi mənəvi, fiziki və maddi ziyanlara səbəb ola bilər. Məruzəçi yeni texnoloji mühitdə pasiyentlərin sağlamlığının mobil monitorinqi üçün naqilsiz bədən sensor şəbəkələrindən – WBAN (Wireless Body Area Networks) söz açdı. Naqilsiz sensor şəbəkələri mühitində fərdi tibbi məlumatların təhlükəsizliyi probleminin həlli istiqamətində elmi araşdırmaların aparılmasının zəruriliyini nəzərə çatdırdı.
M.Məmmədova onu da qeyd etdi ki, son illər tibbi məlumatların satışı “qara bazar”ın ayrıca bir seqmenti kimi formalaşmışdır, konfidensial məlumatın satışı isə ən həssas və yüksək gəlirli satışlardan biri hesab olunur: “ Hər il inkişaf etmiş ölkələrdə tibbi Data Mərkəzlərdən pasiyentlərin fərdi məlumatlarından ibarət milyonlarla qeydlər sızmaya məruz qalır, klinikalar isə bu zaman milyardlarla dollar itirirlər.”
Müasir teletibb sistemlərindən danışan məruzəçi İnternet və digər informasiya kommunikasiya texnologiyaları vasitələrinin inkişafı ilə e-tibbin bu sahəsinin məsafədən tibbi-diaqnostik, preventiv yardımın göstərilməsində yeni imkanların açıldığını, mobil teletibb, İoT - əsaslı teletibb haqqında məlumatı diqqətə çatdırdı. Həmçinin ənənəvi tibbdən elektron tibbə, daha sonra isə şəbəkə tibbinə keçid olunduğunu qeyd etdi.
O, fərdi tibbi məlumatların əsas mənbələri kimi tibbi sosial şəbəkələrdən bəhs etdi, həkim-pasiyent, həkim-həkim, pasiyent-pasiyent arasında ödənişli və ödənişsiz kommunikasiya əlaqələrini yaradan tibbi sosial şəbəkələri diqqətə çatdırdı. İstifadəçilər tərəfindən yaradılan kontentin həm məqsədli, həm də nəzərdə tutulmayan auditoriya tərəfindən istifadə oluna biləcəyini vurğulayan M.Məmmədova Azərbaycanda müxtəlif ixtisaslı həkimləri bir portalda cəmləyən peşəkar sosial cəmiyyətlərin fəaliyyət göstərdiyini bildirdi. Məruzəçi onu da qeyd etdi ki, tibbi sosial şəbəkələr hamı tərəfindən dərk edilən konfidensiallıq strukturu ilə təmin olunmalı, konfidensiallıq və təhlükəsizlik platforması kontent üçün keçərli olmalı və tibbi verilənlərin qeyri-tibbi məqsədlərlə istifadəsinə görə fiziki və hüquqi şəxslər məsuliyyətə cəlb olunmalıdır.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.