AMEA İnformasiya Texnologiyaları İnstitutunun əməkdaşları “Juniper Networks” şirkətinin şəbəkə avadanlığının istismarı və konfiqurasiya olunması işləri ilə bağlı keçirdiyi “Junos Enterprise Switching”, “Introduction to the Junos Operating System” və “Junos Intermediate Routing” adlı təlimlərində iştirak ediblər.
Qeyd edək ki, təlimlər Pan-Avropa Elm və təhsil şəbəkəsi olan GEANT (Gigabit European Advanced Network Technology) təşkilatının “EaPConnect” – Şərq Tərəfdaşlığı (ŞT) ölkələrinin kompüter şəbəkəsi” layihəsi çərçivəsində keçirilib.
Təlimləri uğurla başa vuran AzScienceNet əməkdaşları – institutun Beynəlxalq əlaqələr şöbəsinin müdiri, texnika üzrə fəlsəfə doktoru Babək Nəbiyev, 4 saylı şöbəsinin baş mütəxəssisləri Tural Mustafayev və Oqtay Ələkbərov, eləcə də AzScienceNet-in əməkdaşları Məlikhəsən Vəliyev, Təbriz Ağaşov, Orxan Mənsimzadə müvafiq sertifikatlar əldə ediblər.
Xatırladaq ki, “Juniper Networks” məhsulları korporativ və operator şəbəkələrinin, eyni zamanda məlumat mərkəzi şəbəkə infrastrukturlarının qurulmasında geniş istifadə olunur. “Juniper Networks” şirkətinin təlimlərində iştirak edən və sertifikat qazanan mütəxəssislər Juniper avadanlıqlarını korporativ və daşıyıcı şəbəkələrdə istismar etməkdə real təcrübəyə malikdirlər.
Bu səbəbdən, institut əməkdaşlarının beynəlxalq səviyyəli bu təlimləri uğurla başa vurması AzScienceNet elm kompüter şəbəkəsinin infrastrukturunun genişləndirilməsi və şəbəkəyə xidmətin keyfiyyətini artırılmasına zəmin yaradır.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.