Alman şirkəti “Volocopter” elektrikli hava taksilərinin yaradıcılarına əsaslanaraq “Volodrone” adlı yükdaşıyan dron hazırlayıb.
nplus1.ru saytının məlumatına əsasən, yeni pilotsuz təyyarədən malların daşınmasında, tikintidə, eləcə də kənd təsərrüfatında istifadə edilə bilər. Yükdaşıyan dron 40 kilometrə qədər məsafəni qət edir. “Volodrone” həm operatorun nəzarəti altında, həm də əvvəlcədən təyin olunmuş marşrutlarda avtomatik rejimdə uçma özəlliyinə malikdir.
Cihazın hündürlüyü 2.3 metr, çərçivəsinin diametri isə 9.2 metrdir. Pilotsuz təyyarə maye yüklər, eləcə də müştərilər tərəfindən quraşdırılmış xüsusi avadanlıqları daşıya bilir. 200 kiloqrama qədər yük daşımağa qadir olan yeni cihaz uçuş sınaqlarından keçirilib.
Xatırladaq ki, 2010-cu ilin əvvəllərindən inkişaf etdirilən “Volocopter 2X” hava taksisinin tutumu 160 kiloqram, boş çəkisi 290 kiloqramdır. Cihaz saatda 70 kilometr sürətlə 27 kilometr məsafəyə qədər uça bilir. Pilotsuz hava təyyarəsi daha əvvəl Sinqapurda sınaqdan keçirilib.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.