AMEA İnformasiya Texnologiyaları İnstitutunun 17 saylı şöbəsinin 2019-cu il üçün hesabatı dinlənildi. Hesabatı təqdim edən şöbənin baş mütəxəssisi Rasim Mahmudov cari ildə yerinə yetirilən elmi-tədqiqat işləri haqqında məlumat verdi. Bildirdi ki, bu il elektron dövlətin formalaşması problemləri, informasiya cəmiyyətinin, İnternetşünaslığın elmi-nəzəri problemləri, informasiya müharibəsi texnologiyaları, eləcə də sosial medianın formalaşmasının multidistiplinar problemləri istiqamətində araşdırmalar aparılıb.
R.Mahmudov “E-dövlətin formalaşdırılması və effektiv idarə olunması üçün mexanizmlərin işlənilməsi” mövzusu üzrə görülmüş işlərdən danışdı. Qeyd etdi ki, bu mövzu üzrə e-dövlət platformasında e-demoqrafiya sisteminin konseptual modelinin işlənməsi, qeyri-səlis çoxmeyarlı qiymətləndirmə modeli əsasında namizədlərin qiymətləndirilməsi, seçkilərdə namizədlərin seçilməsinin Fuzzy TOPSIS + Ranking of triangular fuzzy numbers metodu, eləcə də effektiv e-idarəetmə üçün Big data analizi platformalarının tədqiqi istiqamətində araşdırmalar aparılıb.
Məruzəçi fərdi məlumatlar və onların milli mentalitetdə rolunun, həmçinin informasiya təhlükəsizliyinin milli təhlükəsizliyin digər komponentləri ilə qarşılıqlı əlaqələrinin araşdırıldığını və təkliflərin işlənildiyini, fərdi məlumatların “qara bazarı”nın formalaşması xüsusiyyətlərinin araşdırıldığını söylədi.
O, həmçinin “E-dövlət platformasında vətəndaşların sosial kredit sisteminin mexanizmləri, metodları və alqoritmlərinin işlənməsi” mövzusunda aparılan tədqiqatları diqqətə çatdıraraq elektron dövlətin idarə olunmasında sosial kredit mexanizmlərinin imkanları və perspektivlərinin, sosial münasibətlərin analizində informasiya texnologiyalarının tətbiqi məsələlərinin araşdırıldığını, elektron dövlət mühitində vətəndaşların sosial kreditinin qiymətləndirilməsi metodunun işlənildiyini qeyd etdi.
R.Mahmudov şöbədə elektron xidmətlərin intellektual analizi, korporativ təhsil mühitində sosial şəbəkələrin analizi üçün metod və alqoritmlərin işlənilməsi, İnternet-media resurslarının monitorinqi və qiymətləndirilməsi mexanizmlərinin işlənilməsi, etnobotanika informasiya sisteminin işlənməsi mövzuları üzrə görülən işləri təqdim etdi, nəşr olunmuş məqalələr barədə məlumat verdi.
O, həmçinin şöbənin gənc tədqiqatçıları tərəfindən fərdi məlumatların təhlükəsizliyinin təminatı üçün müasir metodların araşdırılması, süni intellektə əsaslanan jurnalistikanın formalaşdırılması, biliklər iqtisadiyyatının formalaşmasının elmi-nəzəri əsasları, vətəndaş məmnunluğu əsasında e-xidmətlərin qiymətləndirilməsinə dair araşdırmaların aparıldığını da diqqətə çatdırdı.
Daha sonra məruzəçi cari ildə şöbə əməkdaşlarının elmi-innovasiya və praktiki fəaliyyəti haqqında ətraflı məlumat verdi. O, “Azərbaycan Respublikasında informasiya cəmiyyətinin inkişafına dair 2014-2020-ci illər üçün Milli Strategiya”nın və “Azərbaycan Respublikasında telekommunikasiya və informasiya texnologiyalarının inkişafına dair Strateji Yol Xəritəsi” Strategiyasının həyata keçirilməsinə elmi dəstəyin verilməsi, Viki-Mərkəzin fəaliyyəti və s. ilə əlaqədar bir sıra işlərin həyata keçirildiyini dedi, “İnformasiya Texnologiyaları Problemləri” və “İnformasiya Cəmiyyəti Problemləri” jurnallarının redaksiyasından daxil olan məqalələrə rəy verildiyini vurğuladı.
R.Mahmudov cari ildə şöbə əməkdaşları tərəfindən nüfuzlu beynəlxalq jurnallarda və AR Prezidenti yanında Ali Attestasiya Komissiyası tərəfindən tövsiyə olunan jurnallarda nəşr olunan məqalələr, nüfuzlu konfrans, seminar və simpoziumlarda çıxışlar barədə məlumat verdi. O, həmçinin, şöbənin elmi-təşkilati və elmi-pedaqoji fəaliyyəti, beynəlxalq elmi əməkdaşlığı, əldə edilən nəticələrin KİV-də təbliği çərçivəsində görülmüş işləri təqdim etdi.
Sonra çıxış edən AMEA-nın vitse-prezidenti, institutun direktoru, şöbənin rəhbəri, akademik Rasim Əliquliyev hesabatla bağlı təklif və tövsiyələrini səsləndirdi. Alim şöbədə aparılan elmi tədqiqat işləri üzrə araşdırmaların daha da intensivləşdirilməsini və dərinləşdirilməsini tövsiyə etdi.
Sonda hesabatla bağlı fikir mübadiləsi aparıldı, suallar cavablandırıldı.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.