Kompüter şəbəkələrinin monitorinqinin vizuallaşdırılmasının bir modeli haqqında məruzə dinlənilib

24 Oktyabr 2019 - 17:38 | Konfranslar, İclaslar

Xəbər verdiyimiz kimi, oktyabrın 23-də Bakıda “İnformasiya və Kommunikasiya Texnologiyalarının tətbiqi üzrə 13-cü IEEE Beynəlxalq Konfransı” (AICT 2019) öz işinə başlayıb.

Bu gün konfransın kibertəhlükəsizlik məsələlərinə həsr olunan bölmə iclasında AMEA İnformasiya Texnologiyaları İnstitutunun baş elmi işçisi, texnika üzrə fəlsəfə doktoru, dosent  Ramiz Şıxəliyevin “Kompüter şəbəkələrinin monitorinqinin vizuallaşdırılmasının bir modeli haqqında” adlı məruzəsi dinlənilib.

R.Şıxəliyev öz çıxışında bildirib ki, şəbəkə trafikinin həcminin, sürətinin və heterogenliyinin artması müasir kompüter şəbəkələrinin (KŞ) idarəetmə məsələlərinin çətinləşməsinə səbəb olub. Bu problemi həll etmək üçün fasiləsiz, effektiv monitorinqə əsaslanan yeni bir KŞ idarəetmə paradiqması tələb olunur.

Bununla belə, KŞ-nin fasiləsiz monitorinqi zamanı çox böyük həcmdə şəbəkə trafiki məlumatları toplanır. Bu, öz növbəsində KŞ-nin monitorinqinin səmərəliliyinin azalmasına gətirib çıxarır ki, bu da insanın şəbəkə məlumatlarının analizi prosesinə qoşulmasını zəruri edir. Məruzəçi KŞ-nin monitorinqinin vizallaşdırılması üçün vizual analitika metodlarına əsaslanan model təklif edib.

Təklif olunan model verilənlərin intellektual analizi metodlarının və verilənlərin vizuallaşdırılması metodlarının inteqrasiyasına əsaslanır. Verilənlərin intellektual analizi metodları KŞ-nin şəbəkə trafikindən monitorinq üçün lazım olan informasiyanın əldə edilməsi üçün istifadə olunur və bu informasiya vizuallaşdırılma metodlarının köməyi ilə qrafik şəklində vizuallaşdırılır. Verilənlərin intellektual analizi və verilənlərin vizuallaşdırılması metodlarının seçimi KŞ-nin monitorinqi məqsədlərindən asılı olaraq həyata keçirilə bilər.

R.Şıxəliyevin sözlərinə görə, təklif olunan model şəbəkə trafikinin analitikasını və KŞ-nin monitorinqinin vizuallaşdırılmasını müxtəlif aspektlərdə təmin etməyə imkan verər.

Məruzə ətrafında müzakirələr aparılıb və suallar cavablandırılıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.