İnformasiya Texnologiyaları İnstitutunun şöbə müdiri Mədinə Səidova 12 saylı şöbənin hesabatını təqdim edib. O, şöbədə aparılan elmi araşdırmalarla bağlı çıxış edərək bildirib ki, “Qeyri-səlis çoxluqlar üçün bir sinif hamar mənsubiyyət funksiyalarının tədqiqi və tanıma sistemlərində tətbiqi” mövzusunda dissertasiya işi müdafiə olunmuş, “Müasir elektron kitabxana şəbəkəsinin yaradılması metodlarının işlənməsi” mövzusunda dissertasiya işi üzrə tamamlama işləri aparılmışdır.
E-kitabxana Mərkəzində resursların idarə olunması istiqamətində görülən işlərdən danışan M.Səidova qeyd edib ki, "Exlibris" şirkətinin Alephino Kitabxana İdarəetmə Sisteminin 3 aylıq demo-versiyası tətbiq olunmuş və vacib tələblərə cavab verdiyi üçün tam lisenziyanın alınması məqsədilə müqavilə imzalanmışdır.
Bildirib ki, “IEEE Computer Society digital library” rəqəmsal kitabxanasına, “Computer” və “IEEE Spectrum” jurnallarına yenidən bir illik abunə olunmuş və bazanın MyComputer (Big Data, Data Analysis və Cloud istiqamətləri üzrə) xidmətindən istifadə imkanı yaradılmışdır.
E-kitabxana Mərkəzində görülən işlər haqqında məlumat verən məruzəçi resursların ABŞ Konqres kitabxanası təsnifat sistemi ilə təsnifatlaşdırılması, resursların fiziki işlənməsi, resursların sistemə daxil olunması və onların təhlükəsizliyinin təmin olunması işlərinin yerinə yetirildiyini diqqətə çatdırıb.
O, həmçinin hesabat müddətində elmi-texniki konfranslar, seminar və simpoziumlarda iştirak, tanınmış elmi jurnallarda məqalələrin çapı, müxtəlif təyinatlı kitabların nəşri və elektron variantlarının hazırlanması, eləcə də digər məsələlər haqqında məlumat verib.
Sonda bir sıra təklif və tövsiyələr səsləndirilib, suallar cavablandırılıb.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.