Sentyabrın 12-də Gürcüstanın paytaxtı Tbilisi şəhərində bu ölkənin Elm və Təhsil Şəbəkəsinin (GRENA) yaradılmasının 20-ci ildönümünə həsr edilən təntənəli yubiley tədbiri keçirilib.
Yubiley tədbirində ölkəmizi İnformasiya Texnologiyaları İnstitutunun Beynəlxalq əlaqələr şöbəsinin müdiri, texnika üzrə fəlsəfə doktoru Babək Nəbiyev və İnstitutun baş mütəxəssisi Tural Mustafayev təmsil ediblər.
Səfər çərçivəsində GRENA-nın icraçı direktoru, professor Ramaz Kvatadze ilə görüşən B.Nəbiyev və T.Mustafayev AMEA-nın vitse-prezidenti, İnformasiya Texnologiyaları İnstitutunun direktoru, akademik Rasim Əliquliyevin və İTİ-nin kollektivinin yubiley təbrikini çatdırıblar.
Səmimi dostluq şəraitində keçən görüşdə AzScienceNetlə əməkdaşlıqdan məmnunluğunu ifadə edən R.Kvatadze, Gürcüstanla Azərbaycan arasında hər bir sahədə olduğu kimi, elm və təhsil sahəsində də ikitərəfli əlaqələrin gündən-günə inkişaf etdiyini vurğulayıb.
Sonda professor Ramaz Kvatadzeyə GRENA-nın 20 illik yubileyi münasibətilə Azərbaycan mədəniyyətini və tarixini özündə əks etdirən hədiyyələr təqdim olunub.
Daha sonra təntənəli yubiley tədbiri keçirilib. Tədbirdə çıxış edən Babək Nəbiyev deyib: “Geniş GEANT ailəsinin üzvlərindən olan AzScienceNet və GRENA demək olar ki, eyni illərdə – ötən əsrin 90-cı illərinin əvvəllərində yaranıb. Artıq uzun müddətdir ki, Azərbaycan və Gürcüstan Elm Kompüter Şəbəkələri arasında münasibətlər yüksələn xətt üzrə davam edir. 2015-ci ildə həyata keçirilən EapConnect (Eastern Partnership Connect) layihəsi bu münasibətlərin daha da genişlənməsinə zəmin yaradıb”.
Qeyd edək ki, yubiley tədbiri qonaqların şərəfinə təşkil olunan ziyafət, həmçinin konsert proqramı ilə davam edib.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.