AMEA İnformasiya Texnologiyaları İnstitutunun elmi katibi və şöbə müdiri Mədinə Səidova informasiya texnologiyaları sahəsində səmərəli elmi-təşkilati fəaliyyəti və 70 illik yubileyi ilə əlaqədar olaraq institutun Fəxri Fərmanı ilə təltif olunub.
Fərmanı yubilyara təqdim edən AMEA-nın vitse-prezidenti, institutun direktoru, akademik Rasim Əliquliyev M.Səidovanı rəhbərlik etdiyi kollektiv adından təbrik edib və yubilyara gələcək fəaliyyətində uğurlar arzulayıb.
Akademik bildirib ki, institutun çoxillik fəaliyyətində xidmətləri olan M.Səidovaya xas olan insanpərvərlik, əməksevərlik, həssaslıq və qayğıkeşlik kimi nəcib insani keyfiyyətlər kollektivdə ona böyük hörmət və rəğbət qazandırmışdır.
M.Səidova 1973-cü ildə Azərbaycan Elmlər Akademiyası Kibernetika İnstitutunun nəzdindəki Avtomatlaşdırılmış İdarəetmə Sistemləri Şöbəsində (2002-ci ildən AMEA İnformasiya Texnologiyaları İnstitutu) mühəndis vəzifəsində əmək fəaliyyətinə başlayıb. Həmin ildən böyük mühəndis, qrup rəhbəri və şöbə müdiri vəzifələrinədək yüksəlib.
“RAİS-Azərbaycan” dövlət proqramı çərçivəsində respublikanın bir sıra nazirliklər və sənaye müəssisələrində müxtəlif təyinatlı avtomatlaşdırılmış idarəetmə sistemlərinin işlənib hazırlanması məsələləri ilə məşğul olub.
İnstitutun Elektron Kitabxana Mərkəzinə rəhbərlik edir. Exlibris şirkətinin Alephino proqram məhsulu və 3M texnologiyaları vasitəsilə elmi-texniki informasiyanın komplektləşdirilməsi, kataloqlaşdırılması, sistemləşdirilməsi, yayılması işlərinə, Azərbaycan Kitabxana İnformasiya Konsorsiumuna üzvlüklə əlaqədar aparılan işlərə rəhbərlik edir.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.