Terminologiyanın idarəolunması məsələləri araşdırılır

15 Mart 2019 - 12:00 | Konfranslar, İclaslar

AMEA İnformasiya Texnologiyaları İnstitutunda 5 saylı şöbənin növbəti elmi seminarı keçirildi.

“Terminologiyanın idarəolunması məsələləri” adlı məruzəni təqdim edən institutun əməkdaşı Səbinə Fomenko terminologiyanın idarəolunmasının strukturu, prosesləri, üstünlükləri, “idarə olunmayan” terminologiyanın problemləri haqqında məlumat verdi. Bildirdi ki, terminologiyanın idarəolunması terminlərin düzgün istifadəsini təmin edən hərəkətlər toplusudur.

Məruzəçi qeyd etdi ki, hazırda terminologiya proqram təminatı ilə idarə olunur. O, məsələlərin həlli üçün müstəqil və ixtisaslaşmış, məzmun idarəetmə sistemi, avtomatik tərcümə vasitəsi və ya tərcümə idarəetmə sisteminin bir hissəsi ola bilər. S.Fomenko, həmçinin terminoloji məlumatların terminologiyanın verilənlər bazasında və ya terminoloji bazada saxlanıldığını bildirdi.

Məruzəçi, terminologiyanın idarəolunması strukturunu təqdim edərək onun terminologiyanın çıxarılması, lüğət məqalələrinin yaradılması, sözlərin  və terminoloji bazanın konkret predmet sahəsinin mütəxəssisləri tərəfindən yoxlanılması və təsdiq edilməsi kimi mərhələrinin olduğunu vurğuladı. Məruzəçi, terminologiyanın idarəolunmasının üstünlüklərindən danışaraq onun təklif, yoxlama, təsvir, digər dillərin əlavə edilməsi, təsdiq, nəşr, yenilənmə proseslərindən ibarət olduğunu bildirdi.

Sonra S.Fomenko terminologiyanın idarəolunması strategiyasının mövcud olmamasının yaratdığı problemlərdən söz açdı. O, məhsulun bazara çıxarılması zamanı xarici kommunikasiyanın müxtəlif iştirakçıları tərəfindən təsdiq edilmiş terminlərin razılaşdırılmış istifadəsini təmin edən alətlər və proseslər olmadan terminlərdə fərqlərin yarandığını, eləcə də böyük layihələrin kollektiv tərcüməsi zamanı tərcümə dilində mətnin terminoloji uyğunsuzluğunun meydana çıxdığını diqqətə çatdırdı.

Məruzə ətrafında müzakirələr aparıldı, suallar cavablandırıldı.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.