26-30 avqust 2019-cu il tarixlərində Sarayevoda (Bosniya və Hersoqovina) “Qabaqcıl texnologiyalar üzrə 8-ci Beynəlxalq konfrans” (International Conference of Advances Technology – ICAT2019) keçiriləcək.
Konfransın əsas məqsədi biotibbi mühəndislik, kompüter mühəndisliyi, elektronika mühəndisliyi, mexanika mühəndisliyi, mexatronika mühəndisliyi, metallurgiya və materiallar mühəndisliyi istiqamətləri üzrə dünya universitetləri və elmi təşkilatları arasında əməkdaşlığın formalaşması, qabaqcıl təcrübənin və elmi ideyaların yayılması, birgə elmi əsərlər, kitablar, monoqrafiyalar, jurnalların nəşri və s. ilə elmi nailiyyətlərin əldə olunmasıdır.
Konfransda kompüter mühəndisliyi istiqaməti üzrə süni intellekt, verilənlərin emalı və təhlükəsizliyi, şəbəkə təhlükəsizliyi, paralel proqramlaşdırma, risklərin idarə olunması, biliyin təhlükəsizliyi, proqramlaşdırma ilə bağlı qabaqcıl texnologiyalara dair tədqiqatlara xüsusi diqqət ayrılıb.
İnstitutun baş elmi işçisi, texnika üzrə fəlsəfə doktoru, dosent Zərifə Cəbrayılova AMEA İnformasiya Texnologiyaları İnstitutunu bu konfransın beynəlxalq elmi komitəsində təmsil edir.
Qeyd edək ki, konfransa təqdim olunmuş elmi əsərlər konfrans materiallarında dərc olunmaqla yanaşı, xüsusi maraq doğuran məqalələr “International Journal of Intelligent Systems and Applications in Engineering (IJISAE)”, “International Journal of Applied Mathematics, Electronics and Computers (IJAMEC)”, “International Journal of Energy Applications and Technology (IJEAT)” jurnallarında nəşr olunacaq.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.