Rusiyalı həkimlər insult keçirmiş insanlara düşüncə gücü ilə kompüter klaviaturasında söz yazmağa kömək edəcək cihazı sınaqdan keçiriblər. Bu haqda Milli Texnologiya Təşəbbüsü “NeuroNet” Sektor Birliyinin icraçı direktoru Aleksandr Semenov məlumat verib.
hi-tech.mail.ru saytının məlumatında bildirilir ki, “Neyroçat” adlandırılmış cihaz proqram-aparat kompleksi, neyroqarnitur və xüsusi interfeysdən ibarətdir. Simsiz qarnitur pasiyentin başına taxılır, ekranda əlifba göstərilir. Pasiyentin ekranda gördüyü hərf üzərində fikrini toplaması və bu yolla mətn yazması təklif olunur.
Semenovun sözlərinə görə, cihazın ilk eksperimental partiyası Rusiyada yerləşən bir sıra reabilitasiya mərkəzlərinə göndərilib. Cihazın seriyalı istehsalı yay aylarında başlanacaq. Gələcəkdə ondan həm sənayedə, həm də əyləncə sahəsində istifadə oluna bilər.
Cihaz ən maraqlı və perspektivli məhsullardan biri kimi “CES Asiya” mükafatına layiq görülüb. Layihənin mart ayında Böyük Britaniyada keçiriləcək “European Neuro Convention” neyrotexnologiyalar konfransında təqdim edilməsi planlaşdırılır.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.