Cari ildə AMEA İnformasiya Texnologiyaları İnstitutunun 9 saylı şöbəsində proqram mühəndisliyinin nəzəri əsasları və proqram sistemlərinin keyfiyyət göstəricilərinin araşdırılması istiqaməti üzrə araşdırmalar aparılacaq. Bu məqsədlə Soft Computing texnologiyaları əsasında proqram təminatının səmərəliliyinin artırılması üçün metod və modellərin işlənilməsi, proqram təminatının etibarlılığının artırılması üçün metod və modelin işlənilməsi, proqram təminatının sınaq metodlarının araşdırılması, eləcə də proqram təminatının müşayiət edilməsi və monitorinqi məsələlərinin araşdırılması və s. mövzularda tədqiqatların aparılması nəzərdə tutulur.
Bu haqda fizika-riyaziyyat üzrə fəlsəfə doktoru, dosent Tofiq Kazımov rəhbərlik etdiyi şöbənin 2019-cu il üçün fəaliyyət planının müzakirəsi zamanı çıxışında məlumat verib.
T.Kazımov “İnformasiya təhlükəsizliyinin təmin olunması” problemi üzrə aparılacaq tədqiqatlardan bəhs edərək bu məqsədlə intellektual texnologiyaların tətbiqi ilə uşaqların İnternetdə qorunması metodlarının işlənilməsi mövzusunda tədqiqatların aparılmasının nəzərdə tutulduğunu bildirib. O, həmçinin qeyd edib ki, “Biometrik texnologiyaların araşdırılması” problemi üzrə insanın əl damarlarının izləri əsasında tanınması üçün metod və alqoritmlərin işlənilməsi ilə bağlı araşdırmalar aparılacaq.
Alim şöbənin elmi-innovasiya fəaliyyətindən söz açaraq proqram mühəndisliyi sahəsində dərs vəsaitinin hazırlanması, intellektual texnologiyaların tətbiqi ilə uşaqların İnternetdə qorunması üçün metodların işlənilməsi və proqram mühəndisliyində Soft Computing metodları əsasında adaptiv proqram təminatının etibarlılığı və məhsuldarlığının artırılması üçün metod və alqoritmlərin işlənilməsi ilə bağlı qrant layihələrdə iştirakın nəzərdə tutulduğunu diqqətə çatdırıb.
Şöbə müdiri, həmçinin beynəlxalq və respublika səviyyəli konfranslarda iştirak, AR Ali Attestasiya Komissiyası tərəfindən tövsiyə olunmuş beynəlxalq və respublika səviyyəli jurnallarda elmi məqalələrin nəşri, şöbənin elmmetrik göstəriciləri, elmi-praktiki nəticələrin КİV-də təbliği ilə bağlı görüləcək işlər barədə məlumat verib.
T.Kazımov beynəlxalq elmi əməkdaşlıq əlaqələrinin qurulması və inkişafı istiqamətində nəzərdə tutulan işlərdən danışıb, Rusiya, Çin, Türkiyə, Qazaxıstan və Ukraynanın bir sıra elmi mərkəzləri və universitetləri, eləcə də, dünyanın nüfuzlu elmi jurnalları, assosiasiyaları və portalları ilə əməkdaşlıq əlaqələrinin davam etdirilməsinin planlaşdırıldığını nəzərə çatdırıb.
Sonra AMEA-nın akademik-katibi, institutun direktoru, akademik Rasim Əliquliyev çıxış edərək şöbənin fəaliyyət planı ilə bağlı təklif və tövsiyələrini səsləndirib. Alim şöbədə proqram mühəndisliyi, uşaqların İnternetdə təhlükəsizliyinin təmin olunması və biometrik texnologiyaların araşdırılması sahəsində aparılan tədqiqatların daha da dərinləşdirilməsini tövsiyə edib.
Sonda müzakirələr aparılıb suallar cavablandırılıb.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.