İnstitutun Təhsil şöbəsinin 2019-cu il üzrə fəaliyyət planı müzakirə olundu

23 Yanvar 2019 - 09:00 | Konfranslar, İclaslar

AMEA İnformasiya Texnologiyaları İnstitutunun Elmi şurasının iclasında Təhsil şöbəsinin 2019-cu il üzrə fəaliyyət planı müzakirə olundu. Fəaliyyət planını təqdim edən şöbə müdiri, texnika üzrə fəlsəfə doktoru, dosent Fərhad Yusifov şöbənin əsas fəaliyyət istiqamətləri barədə məlumat verdi. Şöbədə magistratura, doktorantura və dissertantura yolu ilə yüksəkixtisaslı elmi kadrların hazırlanması, doktorantların, dissertantların doktorluq imtahanlarının verilməsi işinin təşkili, magistrantların sessiya imtahanlarının təşkili, magistrant və doktorantların elmi fəaliyyətinin koordinasiya edilməsi və səmərəliliyinin artırılması üçün tədbirlərin görülməsi və s. işlərin həyata keçirildiyini diqqətə çatdırdı.

F.Yusifov doktorant və dissertantların elmi fəaliyyəti haqqında məlumat verdi. Bildirdi ki, 2019-cu il üzrə AMEA İnformasiya Texnologiyaları İnstitutunda fəlsəfə doktoru proqramı üzrə təhsil alan doktorantların sayı 5, dissertantların sayı 17, elmlər doktoru proqramı üzrə təhsil alan dissertantların sayı isə 9 nəfərdir. Qeyd etdi ki, qəbul planına uyğun olaraq, cari ildə fəlsəfə doktoru hazırlığı üzrə doktoranturaya 3, dissertanturaya 3, elmlər doktoru hazırlığı üzrə dissertanturaya 1 nəfərin qəbul edilməsi nəzərdə tutulur.  

Şöbə müdiri, həmçinin cari il üzrə institutun magistraturasında 6 nəfərin təhsil aldığını nəzərə çatdırdı. Onun sözlərinə görə, 2019-2020-ci tədris ili üçün institutun magistraturasına qəbulun “Kompüter elmləri”, “Kompüter mühəndisliyi” və “İnformasiya texnologiyaları və sistemləri mühəndisliyi” ixtisasları üzrə aparılması planlaşdırılır.

Plan ətrafında müzakirələr aparıldı, suallar cavablandırıldı.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.