“Wi-Fi 6” – yeni nəsil simsiz rabitə

05 Oktyabr 2018 - 17:21 | Maraqlı məlumatlar
“Wi-Fi 6” – yeni nəsil simsiz rabitə

“Wi-Fi Alliance” təşkilatı “Wi-Fi” simsiz rabitə texnologiyasının növbəti nəslinin “Wi-Fi 6” adını alacağını açıqlayıb.

İndiyədək “Wi-Fi” texnologiyasının müxtəlif standartları “802.11n” və “802.11ac” kimi adlarla qeyd edilirdi. Lakin adi istehlakçılar üçün belə sxem əlverişli deyil, çünki bu, dolaşıqlığa səbəb ola bilər.

Buna görə də “Wi-Fi” texnologiyasının müxtəlif standartlarının adlarının sadələşdirilməsi haqqında qərar qəbul edilib. Artıq “802.11n” texnologiyası “Wi-Fi 4”, “802.11ac” texnologiyası “Wi-Fi 5”, “802.11ax” texnologiyası isə “Wi-Fi 6” adlandırılacaq.

3dnews.ru saytının məlumatına görə, “802.11ac” ilə müqayisədə 30 faiz daha yüksək rabitə sürəti təklif edən “802.11ax” standartı 2019-cu ildə təsdiq ediləcək. O, yüklənmiş efir şəraitində simsiz şəbəkənin işinin effektivliyini yaxşılaşdırmağa və “802.11ac Wave-2” standartı ilə müqayisədə buraxılış qabiliyyətini 2 dəfə artırmağa imkan verəcək.

Köhnə standartlar (“802.11a”, “802.11b”, “802.11g”) “Wi-Fi 1, 2 və 3” kimi adlandırılmayacaq, çünki bazarda onlara uyğun olan qurğular demək olar ki, yoxdur.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.