AMEA İnformasiya Texnologiyaları İnstitutunun şöbə müdiri, AMEA-nın müxbir üzvü, texnika üzrə elmlər doktoru Ramiz Alıquliyev 9-15 sentyabr 2018-ci il tarixlərində İspaniyanın Barselona şəhərində Kataloniya Açıq Universitetinin (KAU) Kompüter elmləri kafedrasında və Kataloniya Politexnik Universitetinin (KPU) Tətbiqi riyaziyyat kafedrasında elmi ezamiyyətdə olub. Ezamiyyət Azərbaycan Respublikası Prezidenti yanında Elmin İnkişafı Fondunun “Böyük verilənlər (“Big Data”) mühitində informasiya təhlükəsizliyinin təmin olunması metodları və alqoritmlərinin işlənilməsi və onların bəzi tətbiqləri” qrant layihəsi çərçivəsində baş tutub.
KAU-nun Kompüter elmləri kafedrasında keçirilən ilk görüşdə professorlar Angel Xuan (KAU), Albert Ferrer (KPU) və Adil Bağırov (Avstraliya Federasiya Universiteti) iştirak edib. Görüş zamanı prof. A.Xuan qonaqları universitetin tarixi, strukturu və Kompüter elmləri kafedrasının əsas tədqiqat istiqamətləri ilə tanış edib.
Sonra R.Alıquliyev AMEA İnformasiya Texnologiyaları İnstitutunun strukturu, elmi potensialı və tədqiqat istiqamətləri haqqında məlumat verib. Alim qrant layihəsi çərçivəsində nəzərdə tutulmuş məsələlər və yerinə yetirilmiş işlər barədə danışıb.
Prof. A.Xuan “Metaevristik və evolyusiya optimallaşdırma metodları və onların müxtəlif sahələrə tətbiqi” mövzusunda icmal xarakterli məruzə ilə çıxış edib. Məruzə ətrafında metaevristik və evolyusiya alqoritmlərinin böyük ölçülü optimallaşdırma (əsasən qeyri-xətti və tam ədədli optimallaşdırma) məsələlərinin həllinə tətbiqi imkanları və perspektivləri istiqamətində müzakirələr aparılıb. Qeyd olunub ki, bu alqoritmlər böyük ölçülü optimallaşdırma məsələlərinin həllində bir çox imkanlara malikdir.
Həmçinin KPU-nun Tətbiqi riyaziyyat kafedrasında aparılan tədqiqatlarla qonaqları tanış etmək və gələcəkdə çoxtərəfli əməkdaşlıq imkanlarının müzakirəsi məqsədilə bu qurumda görüş keçirilib. Prof. Albert Ferrer qonaqlara universitet haqqında qısa məlumat verdikdən sonra kafedrada aparılan prioritet tədqiqat istiqamətlərindən söz açıb. O, kafedrada böyük həcmli verilənlərin analizi (klasterləşdirilməsi) sahəsində aparılan tədqiqatlar barədə məlumat verib. Tədbirdə bu istiqamətdə klassik və metaevristik (evolyusiya) alqoritmlərin kombinasiyasının verə biləcəyi imkanlar və perspektivlər müzakirə olunub. Bildirilib ki, böyük ölçülü verilənlərin klasterləşdirilməsi zamanı meydana çıxan optimallaşdırma məsələlərinin həllində hibrid (klassik və metaevristik) alqoritmlər müsbət nəticələr verə bilər və bu istiqamətdə birgə tədqiqatların aparılması zəruridir.
Sonra layihə çərçivəsində əldə olunmuş nəticələr müzakirə olunub, rəy və təkliflər səsləndirilib. Görüşün yekununda tərəflər birgə elmi əməkdaşlıq üçün maraqlı olduqlarını bildiriblər, gələcəkdə bu istiqamətdə birgə tədqiqatların aparılması və layihələrin işlənilməsinin vacibliyini vurğulayıblar.
Qeyd edək ki, gələcəkdə aparılacaq birgə tədqiqatlar nəticəsində əldə olunmuş metod və alqoritmlər e-idarəetmənin səmərəliyinin artırılması məqsədilə bu mühitdə toplanmış böyük həcmli verilənlərin analizi, müxtəlif obyektlərdə toplanmış böyük həcmli məlumatları analiz etməklə yeni biliklərin aşkarlanması və s. imkan verəcək.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.