AMEA İnformasiya Texnologiyaları İnstitutunun 2 saylı şöbəsində kompozit milli kibertəhkükəsizlik indekslərinə daxil olan indikatorların çəkilərinin entropiya əsasında qiymətləndirilməsi metodu işlənilmiş, statik və dinamik kibertəhlükəsizlik indeksləri təklif edilmiş və təklif edilən yanaşmaların real verilənlər əsasında qiymətləndirilməsi aparılmışdır. İnformasiya təhlükəsizliyi insidentlərinin emalı üzrə əməliyyatların operativ planlaşdırılması və CERT-qrupları arasında paylanması modeli optimallaşdırma məsələsi kimi ifadə edilmiş və onun həlli üçün diferensial evolyusiya yanaşması əsasında alqoritm işlənmişdir.
Bu barədə məlumatı institutun şöbə müdiri, texnika üzrə fəlsəfə doktoru, dosent Yadigar İmamverdiyev verib. Rəhbərlik etdiyi şöbənin 2018-ci ilin birinci yarısı üzrə hesabatını təqdim edən məruzəçi informasiya təhlükəsizliyi sahəsində aparılan tədqiqatlar haqqında məlumat verib.
O, e-dövlətin infrastrukturunun güclü qarşılıqlı asılılıqlara malik kritik informasiya sistemlərindən ibarət olduğunu, bu kimi sistemlərin birində meydana çıxan kiçikmiqyaslı riskin kaskad effekti ilə digər əlaqəli sistemlərə yayılmasının və bütün e-dövlət ekosisteminə katastrofik təsir göstərməsinin mümkün olduğunu və bu hadisənin nəzərə alınaraq aktuar yanaşma əsasında belə risklərin kəmiyyət qiymətləndirilməsi metodunun işləndiyini söylədi. Məruzəçi e-dövlətin informasiya təhlükəsizliyinə təhdidlərin milli maraqlara yaratdıqları təhlükə səviyyələrinin ekspert qiymətləndirmələri əsasında konsensus ranqlaşdırılması üçün optimallaşdırma modelinin, milli İnternet infrastrukturunun irimiqyaslı kiberhücumlara və təsadüfi imtinalara qarşı dayanıqlığını qiymətləndirmək üçün modellərin, eləcə də e-dövlətdə informasiya təhlükəsizliyinin ikisəviyyəli iyerarxik idarəetmə sistemlərində investisiyaların sosial baxımdan optimal paylanmasının nəzəri oyun modelinin təklif edildiyini diqqətə çatdırıb.
Y.İmamverdiyev bildirib ki, 6 ay ərzində şöbə əməkdaşları tərəfindən APT-hücumların təbiəti və əsas xüsusiyyətləri, neft-qaz yataqlarının intellektuallaşdırılması məsələləri, Big Data texnologiyalarının neft-qaz sənayesində tətbiqi problemləri, kiber-fiziki sistemlərə kiberhücumların modelləşdirilməsi, aşkarlanması və nəticələrinin qiymətləndirilməsi və s. istiqamətlərdə də tədqiqatlar aparılmış, araşdırmaların nəticəsi kimi 22 məqalə (14-ü Web of Science, Scopus və DBLP elmi bazalarına daxil olmaqla), 5 konfrans materialı hazırlanmışdır.
Şöbənin elmi-innovasiya fəaliyyəti ilə bağlı məlumat verən məruzəçi AzScienceNet İnformasiya Təhlükəsizliyi və Monitorinq Xidməti və AzScienceCERT üzrə bir sıra işlərin yerinə yetirildiyini, bir sıra nüfuzlu jurnallardan daxil olmuş məqalələrə rəylərin verildiyini diqqətə çatdırıb.
O, həmçinin 1 və 13 saylı şöbələrlə birgə “Böyük verilənlər mühitində informasiya təhlükəsizliyinin təmin olunması metodları və alqoritmlərinin işlənməsi və onların bəzi tətbiqləri” və “DeepOil-ML: intellektual neft mədənləri üçün Deep Learning əsasında yeni texnologiyaların işlənməsi” adlı qrant layihələrin elmi-innovasiya fəaliyyəti çərçivəsində yerinə yetirilmiş işlərdən olduğunu qeyd edib.
Şöbə rəhbəri elmi-pedaqoji və elmi-təşkilati fəaliyyət, müxtəlif təyinatlı nəşrlərin hazırlanması, elmi-praktiki nəticələrin KİV-də təbliği, o cümlədən beynəlxalq elmi əməkdaşlığın inkişafı istiqamətində görülən işlər haqqında da ətraflı məlumat verib.
Hesabat ətrafında müzakirələr aparılıb, rəy və təkliflər səsləndirilib.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.