AMEA İnformasiya Texnologiyaları İnstitutunun 1 saylı şöbəsinin 2018-ci il üçün yarım illik hesabatı müzakirə olundu. Hesabatı təqdim edən institutun baş mühəndisi, texnika üzrə fəlsəfə doktoru, dosent Məkrufə Hacırəhimova 6 ay ərzində görülmüş işlər haqqında məlumat verdi. Şöbədə yerinə yetirilən elmi-tədqiqat işlərindən söz açan məruzəçi AR Prezidenti Yanında Elmin İnkişafı Fondunun (EİF) “Big Data mühitində informasiya təhlükəsizliyinin təmin olunması metod və alqoritmlərinin işlənilməsi və onların bəzi tətbiqləri” qrant layihəsi çərçivəsində milli informasiya infrastrukturuna olan DDoS hücumların aşkarlanması üçün klassifikator ansamblına əsaslanan modelin təklif olunduğunu diqqətə çatdırdı.
M.Hacırəhimova Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) Elm Fondunun qrant layihəsi olan “DeepOil-ML: İntellektual neft mədənləri üçün Deep Learning əsasında yeni texnologiyaların işlənməsi” qrant layihəsi çərçivəsində “Deep Learning əsasında neft-mədən verilənlərin analizi üçün metod və alqoritmin işlənməsi” istiqamətində görülən işləri təqdim etdi. Bu istiqamətdə xam neft sistemlərində temperatur, təzyiq, həcm xüsusiyyətlərinin proqnozlaşdırılması üçün reqressiya modelinin işlənildiyini vurğuladı.
O, həmçinin Big Data və rəqəmsal irs problemləri ilə əlaqədar “Böyük həcmli verilənlərdə axtarış sistemlərinin effektivliyinin artırılması üçün sürətli alqoritmin işlənilməsi” istiqamətində aparılan araşdırmalardan söz açdı. Bildirdi ki, tədqiqat işi çərçivəsində böyük həcmli rəqəmsal verilənlərdə sürətli axtarışın aparılması üçün mövcud olan axtarış sistemlərinin bəzi problemləri təsnifatlandırılmış, maşın təlimi alqoritmlərinin müqayisəli təhlili aparılmış, eləcə də axtarışın keyfiyyətinin yaxşılaşdırılması üçün konseptual model işlənmişdir.
Şöbənin elmi-innovasiya fəaliyyətindən danışan məruzəçi bildirdi ki, EİF və ARDNŞ-in qrant layihələrində iştirak olunmuş, “İnformasiya texnologiyaları problemləri” və “İnformasiya cəmiyyəti problemləri” jurnallarında dərc olunmuş məqalələrə elmi-texniki ekspertiza işləri yerinə yetirilmiş və bir sıra digər tədbirlər həyata keçirilmişdir.
M.Hacırəhimova şöbə əməkdaşlarının tanınmış elmi jurnallarda nəşr olunmuş məqalələri və müxtəlif respublika və beynəlxalq səviyyəli tədbirlərdə simpoziumlarda məruzələri haqqında məlumat verdi. Bildirdi ki, məqalələr “Web of Science” bazasında indeksləşən jurnallara təqdim olunmuşdur. O, həmçinin şöbənin elmmetrik göstəricilərini təqdim edərək şöbə əməkdaşlarının əsərlərinə son 5 ildə 132, ümumilikdə isə 143 istinad olunduğunu bildirdi.
Məruzəçi müxtəlif təyinatlı kitabçaların, kitabların və elektron nəşrin hazırlanması, elmi-praktiki nəticələrin KİV-də təbliği və reklam-marketinq işlərinin təşkili məsələlərindən də danışdı. Cari ildə “Rəqəmsal irs: mövcud yanaşmalar, problemlər və həllər” adlı ekspress-informasiyanın nəşr olunduğunu söylədi.
AMEA-nın akademik-katibi, AMEA İnformasiya Texnologiyaları İnstitutunun direktoru, akademik Rasim Əliquliyev təqdim olunan hesabatı yüksək qiymətləndirdi, təklif və tövsiyələrini səsləndirdi. Alim şöbə əməkdaşlarının apardıqları araşdırmaların daha da dərinləşdirilməsini, nüfuzlu beynəlxalq jurnallarda dərc olunan elmi məqalələrin sayının artırılmasını tövsiyə etdi.
Hesabatla bağlı müzakirələr aparıldı, suallar cavablandırıldı.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.