AMEA İnformasiya Texnologiyaları İnstitutunun 11 saylı şöbəsinin 2018-ci ilin I yarısı üzrə hesabatı müzakirə olundu. Şöbə müdiri Şakir Mehdiyev hesabatı təqdim edərək yerinə yetirilən elmi-tədqiqat işləri haqqında məlumat verdi. O, şöbə əməkdaşları tərəfindən informasiya texnologiyaları və informasiya cəmiyyətinin formalaşmasının elmi-nəzəri problemlərinin araşdırılması və effektiv metodların işlənməsi istiqamətində tədqiqatların aparıldığını diqqətə çatdırdı. Bildirdi ki, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Elm Fondunun “Neft qaz kompleksində Əşyaların İnternetinin tətbiqi” mövzusunda qrant layihə çərçivəsində araşdırmalar aparılmış, tədqiqatın nəticələri bir sıra məqalə, tezis və konfrans materiallarında öz əksini tapmışdır.
Ş.Mehdiyev, həmçinin kvant kompüterləri və kvant hesablamaları, eləcə də pilotsuz uçan aparatların mövcud vəziyyəti, problem və perspektivlərinin tədqiq olunduğunu diqqətə çatdırdı.
Şöbənin elmi-innovasiya və praktiki fəaliyyəti çərçivəsində görülən işlər barədə məlumat verən məruzəçi AMEA-nın institut və təşkilatlarına məxsus olan fərdi kompüterlərdə mühəndislik və proqram xidmətlərinin göstərildiyini bildirdi. O, akademiyanın elmi müəssisələrinə məxsus olan fərdi kompüterlərdə təmir-sazlama və onların texniki imkanlarının artırılması işlərinin görüldüyünü dedi. Qeyd etdi ki, AMEA-nın institut və təşkilatlarına məxsus olan fərdi kompüterlərdə təmir-sazlama və onların texniki imkanlarının artırılması, İnternet infrastrukturunun təkmilləşdirilməsi, AMEA Rəyasət Heyətinin lokal kompüter şəbəkəsinə texniki və proqram təminatı xidmətlərinin yerinə yetirilməsi işləri davam etdirilmişdir.
Ş.Mehdiyev şöbədə elmi-pedaqoji və elmi-təşkilati fəaliyyət, tanınmış elmi jurnallarda məqalələrin nəşri, elmi-praktiki nəticələrin KİV-də təbliği və elmmetrik göstəricilərə dair məlumatları da diqqətə çatdırdı.
Sonra AMEA-nın akademik-katibi, İnformasiya Texnologiyaları İnstitutunun direktoru, akademik Rasim Əliquliyev çıxış edərək yarımillik hesabatla bağlı təklif və tövsiyələrini səsləndirdi. Alim şöbə əməkdaşları tərəfindən aparılan tədqiqatların daha da dərinləşdirilməsini, tədqiqatların nəticələrinin beynəlxalq jurnallarda çap olunmasını tövsiyə etdi.
Hesabat ətrafında müzakirələr aparıldı, suallar cavablandırıldı.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.