AMEA İnformasiya Texnologiyaları İnstitutunda 5 saylı şöbənin terminoloji standartlar üzrə resurslara həsr olunmuş növbəti elmi seminarı keçirildi.
Məruzəni təqdim edən institutun əməkdaşı Səbinə Fomenko əsas standartlar haqqında məlumat verərək bildirdi ki, bu standartlar geniş əhatə dairəsinə malikdir və müəyyən sahə üzrə ümumi anlayışları özündə saxlayır. Məruzəçinin sözlərinə görə, əsas standart bilavasitə standart kimi tətbiq edilə və ya digər standartların işlənib hazırlanmasında əsas kimi götürülə bilər.
S.Fomenko terminləri müəyyən edən terminoloji standartlardan söz açaraq qeyd etdi ki, bu standartlar standartlaşdırma obyekti ilə maraqlanan bütün tərəflər arasında qarşılıqlı anlayışın təmini məsələlələrini yerinə yetirirlər.
Məruzəçi, həmçinin İSO standartların işlənməsi üçün müstəqil ekspertləri bir araya gətirən Beynəlxalq Standartlaşdırma Təşkilatı (İSO) barədə danışdı, terminoloji standartlar üzrə resurslar vasitəsilə bu standartların bəzilərinin oxunması imkanlarının mövcud olduğunu dedi. Bildirdi ki, terminoloji standartlar üzrə resurslara Beynəlxalq Elektotexniki Komissiya, “EuroTermBank”, “Uwe Muegge” veb-saytı, ISO-nun rəsmi veb-saytı, “LISE” (Legal Language Interoperability Services) sənədi, Lokallaşma Standartları Assosiasiyası – LISA və s. aid edilir.
Məruzəçi terminoloji standartların nisbətən uğurlu standartlar sırasına daxil edildiyini qeyd etdi. S.Fomenko bu standartların çatışmazlıqları haqqında da məlumat verərək bildirdi ki, terminoloji standartlarda lazımsız, qeyri-elmi terminlərin həddən çox olması, eləcə də, bu və ya digər standart arasında daimi ziddiyyətin mövcud olması bu standartların əsas problemlərindəndir.
Məruzə ətrafında müzakirələr aparıldı, suallar cavablandırıldı.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.