Elektron dövlətin təkmil modelləri analiz olunub

01 İyun 2018 - 09:00 | Konfranslar, İclaslar

AMEA İnformasiya Texnologiyaları İnstitutunun 17 saylı şöbəsinin növbəti elmi seminarı keçirildi. Tədbiri giriş sözü ilə açan AMEA-nın akademik-katibi, institutun direktoru, akademik Rasim Əliquliyev tədbirin institutun magistrantı Cabir Əmirxanlının “Elektron dövlət təkmil modellərinin analizi və qiymətləndirilməsi” mövzusunda magistr dissertasiyası və dissertant Leyla Məmmədovanın “Azərbaycan KİV sistemində yeni medianın formalaşması və konvergensiya prosesi” mövzusunda fəlsəfə doktorluğu dissertasiyasının müzakirəsinə həsr olunduğunu bildirdi.

C.Əmirxanlı dissertasiya işini təqdim edərək mövzunun aktuallığı, işin məqsədi və qoyulmuş məsələlər haqqında məlumat verdi. O, e-dövlət təkmil modelləri ilə əlaqədar dünya təcrübəsinə dair araşdırmalarının nəticələri haqqında məlumat verdi, bu modellərin üstünlükləri və çatışmazlıqları barədə danışdı. Bildirdi ki, e-dövlətin qiymətləndirilməsinə dair müxtəlif yanaşmalar mövcuddur və 2002-ci ildən başlayaraq BMT tərəfindən bu təşkilata üzv olan ölkələrin qiymətləndirilməsi aparılır.

Daha sonra  C. Əmirxanlı  e-dövlət təkmil modellərinin çoxmeyarlı empirik qiymətləndirilməsi, “Worstcase” yanaşması, TOPSIS metodu və metodların müqayisəsindən alınmış nəticələri təqdim etdi, dissertasiya işində əldə olunmuş nəticələr, mövzu ilə əlaqədar çap olunmuş elmi əsərlər haqqında məlumat verdi.

Sonra çıxış edən akademik Rasim Əliquliyev dissertasiya işinə dair təklif və tövsiyələrini səsləndirdi. Alimin sözlərinə görə, işdə verilən düsturların mahiyyəti tam açıqlanmalı, istifadə olunan bütün terminlər ətraflı öyrənilməlidir.

Məruzə ətrafında fikir mübadiləsi aparıldı, suallar cavablandırıldı. Seminarın qərarı ilə dissertasiya işinin irad və təkliflər nəzərə alınmaqla müdafiəyə təqdim olunması tövsiyə olundu.

Sonra çıxış edən Leyla Məmmədova dissertasiya işini təqdim etdi, işin aktuallığı, məqsədi, elmi yeniliyi, approbasiyası, tədqiqat metodları haqqında məlumat verdi.

Qeyd etdi ki, Azərbaycanda yeni media sisteminin formalaşması və onun inkişaf prosesi kompleks şəkildə tədqiq olunsa da, media konvergensiya elmi araşdırmaya ilk dəfə cəlb edilir.

Tədqiqatın elmi yeniliyi və nəticələrinin elmi-praktik əhəmiyyətindən danışan L.Məmmədova qeyd etdi ki, araşdırmanın əsas müddəaları və nəticələri bir sıra konfranslarda elmi ictimaiyyətə təqdim olunmuş, ölkədə və xaricdə nəşr olunan müxtəlif elmi jurnallarda dərc olunmuş məqalələrdə və tezislərdə öz əksini tapmışdır.

Məruzəçi informasiya cəmiyyətində yeni medianin formalaşma prosesi, yeni medianın xüsusiyyətləri, funksiyaları və perspektivləri, sosial medianın nəzəri-metodoloji və funksional tipoloji aspektləri, onlayn jurnalistikanın spesifik, tipoloji və funksional xarakterinin analizi, həmçinin KİV-in qlobal transformasiyası, multimedia texnologiyaları və media konvergensiya prosesi, media konvergensiyanın səviyyələri, konvergen jurnalistikanın formaları və inkişaf meylləri, konvergen redaksiyaların fəaliyyət mexanizmi, eləcə də konvergen jurnalistin yaradıcılıq prinsiplərinin analizinin nəticələri haqqında məlumat verdi.

Rəqəmsal informasiya istehsalı metodlarından danışan L.Məmmədova bildirdi ki, vətəndaş jurnalistikası informasiyanın istehsal sürətində, operativlikdə ənənəvi KİV-dən üstündür. Lakin professional jurnalistikadan fərqli olaraq, məlumatın dəqiqləşdirilmədən paylaşılması və tez-tez etik normaların pozulması halları vətəndaş jurnalistikasının mənfi aspektləridir. Vətəndaş jurnalistikası və peşəkar  jurnalistikanın müqayisəli təhlilini aparan dissertant bildirdi ki, tədqiqat işində konvergen jurnalistikanın inteqrasiya edilmiş istehsal, çoxsahəli peşəkarlıq, multi-platform çatdırılma və aktiv auditoriya kimi analitik strukturu müəyyənləşdirilmişdir.

Akademik Rasim Əliquliyev dissertasiya işinə dair tövsiyələrini səsləndirdi. İnstitut direktoru İnternetin tənzimlənməsi məsələsinin bəşəri problemlərdən olduğunu bildirdi, bu istiqamətdə tədbirlərin görülməsinin və İnternetin qanunlarla tənzimlənməsinin zəruriliyini bildirdi. Alim qeyd etdi ki, yeni medianın interaktivlik, operativlik, açıqlıq, əlyetərlik və s. imkanları cəmiyyətdə sosiologiya və konfliktologiya kimi istiqamətlərin inkişafına səbəb olmuşdur. Dövlətlər arasında informasiya müharibəsi zamanı yeni medianın imkanlarından səmərəli istifadə dövlətlərin siyasi və iqtisadi gücünün artırılmasına təkan verir.

Akademik, həmçinin bildirdi ki, yeni medianın imkanlarının artması texnoloji, psixoloji, dini, sosioloji problemlərin yaranmasına da səbəb olur: “Bu gün Azərbaycanda formalaşan informasiya cəmiyyəti qlobal informasiya cəmiyyətinin tərkib hissəsidir. Bu məqsədlə ölkənin informasiya məkanının qorunması üçün tədbirlər görülməli, beynəlxalq çağırışlar icra olunmalıdır. Təsadüfi deyil ki, Azərbaycan Respublikasının qanunlarında vətəndaşın fərdi məlumatlarının qorunması məsələləri ətraflı əks olunmuşdur”.

Sonda məruzə ətrafında fikir mübadiləsi aparıldı, suallar cavablandırıldı.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.