İnternet-reklam marketinqdə tövsiyə sisteminin yaradılması alqoritmləri işlənilir

22 May 2018 - 16:00 | Konfranslar, İclaslar

AMEA İnformasiya Texnologiyaları İnstitutunda 18 saylı şöbənin növbəti elmi seminarı keçirildi. İnstitutun sektor müdiri Kəmalə Haşımova “İnternet-reklam marketinqdə istifadəçi məlumatları əsasında tövsiyə sisteminin yaradılması alqoritmləri” mövzusunda məruzəsini təqdim etdi. O, tövsiyə sistemlərinin istifadəçiyə maraqlı ola biləcək obyektlərin, məhsulun, xidmətlərin təyin edilməsi, aşkar olunması, məsləhət görülməsi üçün yaradılmış proqram vasitələri olduğunu söylədi, bu sistemin təkamül dövrü haqqında danışdı. Bildirdi ki, tövsiyə sistemi elektron kommersiya saytlarında, sosial şəbəkələrdə geniş istifadə olunur.

Tövsiyə sisteminin inkişaf mərhələlərini təqdim edən məruzəçi bu sistemin elektron kommersiya, sosial şəbəkələr, sosial konseptual məlumatlardan ibarət sistemlər və Əşyaların İnterneti kimi inkişaf mərhələlərinin mövcud olduğunu vurğuladı.

Sektor müdiri tövsiyə sistemlərində istifadəçi haqqında məlumat toplanarkən aşkar və qeyri-aşkar növlərdən istifadə olunduğunu qeyd etdi, müxtəlif məhsul və xidmətlər təklif edən şirkətlərin tövsiyə sistemləri texnologiyasından satılan məhsulun həcminin artırılması, təklif edilən məhsul və xidmətlərin çeşidlərinin artırılması, istifadəçilərin təlabatının daha yaxşı öyrənilməsi və s. məqsədlərlə istifadə olunduğunu diqqətə çatdırdı.

O, həmçinin tövsiyə sistemlərinin əsas strategiyası, effektivliyi, istifadə olunan bir çox alqoritmlər və tövsiyə sistemindəki problemlər haqqında ətraflı məlumat verdi.

Tövsiyə sistemlərində nəticələrin qiymətləndirilməsində “Movielens”, “Jester”, “EachMovie” kimi verilənlər bazalarından istifadə olunduğunu qeyd edən K.Haşımova qiymətləndirmənin yenilik, dəqiqlik, kənar təsirlərə dayanıqlılıq, inandırıcılıq və s. kriteriyalara əsasən aparıldığını nəzərə çatdırdı.

Sektor müdiri tövsiyə sistemlərinin süni intellekt, insan-kompüter qarşılıqlı əlaqəsi, Data mining, informasiya texnologiyaları, qərar qəbul etmə sistemləri və s. sahələrdə istifadə olunduğunu bildirdi, İnternet-reklam marketinqi üzrə keçirilən konfranslar və nəşr olunan elmi əsərlər barədə məlumat verdi.

Daha sonra çıxış edən AMEA-nın akademik-katibi, AMEA İnformasiya Texnologiyaları İnstitutunun direktoru, akademik Rasim Əliquliyev məruzəyə dair təklif və tövsiyələrini səsləndirdi. Alim istifadəçi məlumatları əsasında tövsiyə sisteminin yaradılmasının İnternet-reklam marketinq strategiyasının düzgün qurulmasında xüsusi önəm kəsb etdiyini qeyd edərək bu istiqamətdə tədqiqatların daha da dərinləşdirilməsini, mövcud metodların müqayisəli təhlilinin aparılmasını tövsiyə etdi.

Məruzə ətrafında müzakirələr aparıldı, suallar cavablandırıldı.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.