AMEA İnformasiya Texnologiyaları İnstitutunun 17 saylı şöbəsinin 2018-ci il üzrə fəaliyyət planı müzakirə olundu. Planı təqdim edən şöbənin baş mütəxəssisi Rasim Mahmudov cari il ərzində görüləcək elmi-tədqiqat işləri haqqında məlumat verdi. Bildirdi ki, bu il elektron dövlətin formalaşması problemləri, informasiya müharibəsi, biliklər iqtisadiyyatı, sosial medianın formalaşmasının multidistiplinar problemləri istiqamətində araşdırmalar aparılacaq.
R.Mahmudov e-dövlətin formalaşdırılması və effektiv idarə olunması üçün müəyyən mexanizmlərin işləniləcəyini qeyd etdi. O, seçki prosesində namizədlərin qiymətləndirilməsi üçün çoxmeyarlı qərar qəbuletmə modelinin işlənilməsi, e-demoqrafiyanın formalaşdırılmasının elmi-nəzəri əsaslarının araşdırılması, klasterləşmə əsasında seçki reprezentativlərinin çoxpilləli seçilməsi metodu ilə bağlı tədqiqatlar aparılacağını diqqətə çatdırdı.
Məruzəçi e-dövlət mühitində vətəndaşların öhdəliklərinin yerinə yetirilməsinin qiymətləndirilməsi üçün görüləcək işlərdən danışdı. Qeyd etdi ki, vətəndaşların dövlət qarşısında öhdəliklərinin analizi və təsnifatlandırılması, onların sosial kredit sisteminin yaradılmasına dair yanaşmaların araşdırılması nəzərdə tutulub.
R.Mahmudov elektron xidmətlərin intellektual analizi üçün metod və alqoritmlərin işlənməsi mövzusu üzrə aparılacaq tədqiqatlardan da söz açdı. Onun sözlərinə görə, cari il ərzində şöbədə dövlət xidmətlərinin elektronlaşdırılması sahəsində mövcud təcrübə analiz ediləcək, e-xidmətlərin üstünlükləri və çatışmazlıqları aşkarlanacaq.
Məruzəçi e-dövlət mühitində Azərbaycan dilinin qorunması və inkişafı məsələləri, Azərbaycan dilinə dair xidmətləri həyata keçirən intellektual sistemlərin yaradılması mövzuları üzrə araşdırmaların aparılacağını da vurğuladı.
Sonra o, e-dövlətin təkmil modellərinin analizi və qiymətləndirilməsi, mobil telefon operatorlarında toplanmış məlumatlar əsasında vətəndaşların sosial kapitalının qiymətləndirilməsi metodu və alqoritmlərinin işlənməsi, şəhər mühitində nəqliyyat axınının intellektual idarə olunması metodlarının işlənilməsi mövzuları üzrə görüləcək işləri diqqətə çatdırdı.
O, həmçinin korporativ təhsil mühitində sosial şəbəkələrin analizindən bəhs edərək təhsil mühitində sosial şəbəkələrin rolunun araşdırılacağını, onların analizi üçün metodların tədqiq ediləcəyini bildirdi.
Məruzəçi biliklər iqtisadiyyatının elmi-nəzəri əsaslarının analizi, IV sənaye inqilabının sosial-iqtisadi aspektlərinin tədqiqi ilə bağlı görüləcək işlər haqqında məlumat verdi. E-demoqrafiyanın formalaşdırılmasının elmi-nəzəri əsaslarının araşdırılacağını, proqram mühəndisliyi iqtisadiyyatının formalaşması məsələlərinin tədqiq ediləcəyini bildirdi.
İnternet-media resurslarının monitorinqi və qiymətləndirilməsi mexanizmlərinin işlənilməsindən söz açan məruzəçi bununla bağlı veb-statistik mexanizmlərin nəzəri aspektlərinin araşdırılmasının nəzərdə tutulduğunu söylədi.
R.Mahmudov Azərbaycan çap jurnalistikasının müasir media kontekstində öyrəniləcəyini, yeni medianın tədrisində dünya təcrübəsinin tədqiq ediləcəyini, həmçinin 3D jurnalistikasına dair araşdırmaların aparılacağını bildirdi.
Daha sonra məruzəçi cari il üzrə şöbə əməkdaşlarının elmi-innovasiya və praktiki fəaliyyəti haqqında da ətraflı məlumat verdi. O,“Azərbaycan Respublikasında informasiya cəmiyyətinin inkişafına dair Milli Strategiyanın həyata keçirilməsi üzrə 2014-2017-ci illər üçün Dövlət Proqramı”na elmi dəstəyin verilməsi, Viki-Mərkəzin fəaliyyəti və s. ilə əlaqədar bir sıra işlərin həyata keçiriləcəyini diqqətə çatdırdı.
O, həmçinin, şöbənin elmi-təşkilati və elmi-pedaqoji fəaliyyəti, beynəlxalq elmi əməkdaşlığı, əldə edilən nəticələrin KİV-də təbliği çərçivəsində nəzərdə tutulan tədbirlər haqqında məlumat verdi.
Sonra çıxış edən AMEA-nın akademik-katibi, institutun direktoru, 17 saylı şöbənin rəhbəri, akademik Rasim Əliquliyev şöbənin fəaliyyət planı ilə bağlı təklif və tövsiyələrini səsləndirdi. Alim fəaliyyət planında nəzərdə tutulan mövzular üzrə araşdırmaların intensivləşdirilməsini və dərinləşdirilməsini vurğuladı.
Elektron demoqrafiyanın formalaşdırılması və intellektual analizi texnologiyalarının araşdırılmasının vacibliyini qeyd etdi. “Biz qarşımıza məqsəd qoymuşuq ki, artıq elektron dövlətlə bağlı yeni nəzəri tədqiqatlara keçməliyik”,– deyə bildirən akademik e-demoqrafiyanın ətraflı araşdırılmasını əməkdaşların qarşısında vəzifə kimi qoydu. Onun nəzəriyyəsinin, əsaslarının, əhatə dairəsinin, bu sahədə dünya təcrübəsinin geniş öyrənilməsinin zəruriliyini diqqətə çatdırdı.
Sonda fəaliyyət planına dair irad və təkliflər səsləndirildi, suallar cavablandırıldı. Şöbənin 2018-ci il üçün fəaliyyət planı təsdiq olundu.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.