Azərbaycan Dövlət Dəniz Akademiyasının veb-saytının yeni versiyası təqdim olundu

02 Aprel 2018 - 09:43 | Mühüm hadisələr

Azərbaycan Dövlət Dəniz Akademiyasının (ADDA) müasir tələblərə cavab verən, yeni imkanlarla zənginləşdirilmiş rəsmi veb-saytının təqdimatı keçirildi. 

Öncə çıxış edən ADDA-nın İnformasiya resurs mərkəzinin müdiri Sevinc Rzayeva ADDA-nın ilk saytının 2015-ci ildə AMEA-nın İnformasiya Texnologiyaları İnstitutu tərəfindən hazırlanaraq isifadəyə verildiyini diqqətə çatdırdı. Onun sözlərinə görə, bu gün informasiya texnologiyalarının yüksək inkişaf etməsi ADDA-nın saytının təkmilləşdirilməsini və yenilənməsini zəruri etmişdir.

Sonra İnformasiya Texnologiyaları İnstitutunun şöbə müdiri Gülnarə Nəbibəyova çıxış edərək bu gün istənilən qurumun, təşkilatın veb-saytının yaradılmasının böyük əhəmiyyət kəsb etdiyini qeyd etdi. O, bildirdi ki, institutun mütəxəssisləri tərəfindən hazırlanmış adda.edu.az saytı AR Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş “Dövlət orqanlarının internet informasiya ehtiyatlarının yaradılması və idarə edilməsinə dair Tələblər”ə və AR Xüsusi Dövlət Mühafizə Xidmətinin tələblərinə uyğunlaşdırılmış, təhlükəsizliyi tam şəkildə təmin olunmuşdur. O, həmçinin saytın AzScienceNet elm kompüter şəbəkəsinin Data mərkəzində yerləşdirildiyini vurğuladı.

ADDA-nın İnformasiya resurs mərkəzinin mühəndisi Zaur Mustafayev saytın yeni versiyasının üstünlüklərindən söz açaraq onun dizayn, proqram və informasiya təminatı baxımından yüksək səviyyədə hazırlandığını qeyd etdi.

Sonra institutun proqramçısı Sərxan Yolçuyev adda.edu.az veb-saytı haqqında ətraflı məlumat verdi. Bildirdi ki, 3 dildə (Azərbaycan, ingilis və rus) fəaliyyət göstərəcək sayt “Akademiya haqqında”, “Struktur”, “Akademik təhsil”, “Fakültələr”, “Elm”  və s. bölmələrdən ibarətdir. Saytın “Qalareya” bölməsində Akademiyada təşkil olunan mühüm tədbirləri əks etdirən foto və video materialların yerləşdirilməsi nəzərdə tutulur. Onun sözlərinə görə, ən son texnologiyalar əsasında yaradılmış saytda geniş axtarış sistemi,  faydalı linklər və sosial şəbəkələrə keçidlər yer alıb.

Sonda Azərbaycan Dövlət Dəniz Akademiyasının rektoru, texnika üzrə fəlsəfə doktoru Çingiz Əliyev çıxış edərək İnformasiya Texnologiyaları İnstitutu və Azərbaycan Dövlət Dəniz Akademiyasının elmi əməkdaşlıq əlaqələrinin qurulması və inkişaf etdirilməsi istiqamətində görülən tədbirlərdən söz açdı. AMEA prezidenti, akademik Akif Əlizadə, İnformasiya Texnologiyaları İnstitutunun direktoru, akademik Rasim Əliquliyev və institutun əməkdaşlarına veb-saytın yeni versiyasının  yaradılmasında göstərdikləri köməyə görə öz təşəkkürünü bildirdi.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.