AMEA İnformasiya Texnologiyaları İnstitutunun Elmi şurasının iclasında institutun Tədris-İnnovasiya Mərkəzinin (TİM) veb-saytı təqdim olundu. İnstitutun proqramçısı Raqif İsmayılov çıxış edərək sayt haqqında ətraflı məlumat verdi. Bildirdi ki, yeni resurs “Ana səhifə”, “Mərkəz haqqında”, “Tədris”, “Kurslar”, “Olimpiadalar”, “Nəşrlər”, “Xəbərlər”, “Xidmətlər”, “Qalereya” və s. bölmələrdən ibarətdir.
Saytın “Xəbərlər” bölməsində doktorant və dissertantlara informatika fənninin tədrisi və doktorluq imtahanlarının qəbulu, distant kurslar, seminar və konfransların təşkili, TİM-də keçirilən görüşlər və s. dair məlumatlar yer alacaq.
R.İsmayılov TİM-in əsas fəaliyyət istiqamətlərini əks etdirən saytın dizayn, proqram və informasiya təminatı baxımından yüksək səviyyədə hazırlandığını, bütün müasir tələblərə cavab verdiyini və burada ən son texnoloji yeniliklərin reallaşdırıldığını nəzərə çatdırıb. Qeyd edib ki, Azərbaycan və ingilis dillərində fəaliyyət göstərəcək veb-saytda doktorant və dissertantlar üçün onlayn şəkildə sınaq imtahanı vermək imkanı da yaradılmışdır.
Məruzəçi saytda, həmçinin “Videoqalereya”, “Fotoqalereya” və “Nəşrlər” bölməsinin fəaliyyət göstərəcəyini diqqətə çatdırdı.
Sonda saytın istismarına dair müzakirələr aparıldı, bir sıra təkliflər səsləndirildi.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.