Uşaqların İnternetdə informasiya təhlükəsizliyini təmin edən sistemin konseptual modeli müzakirə olundu

02 Fevral 2018 - 16:55 | Konfranslar, İclaslar

AMEA İnformasiya Texnologiyaları İnstitutunun 9 saylı şöbəsinin növbəti elmi seminarı keçirildi.

Məruzəni təqdim edən şöbənin sektor müdiri Sabirə Ocaqverdiyeva “Uşaqların İnternetdə informasiya təhlükəsizliyini təmin edən sistemin konseptual modeli” mövzusuna həsr olunmuş məruzəni təqdim etdi.

Məruzəçi bildirdi ki, müasir dövrümüzdə İnternet yalnız maraqlı və əhəmiyyətli məlumatlarla deyil, həm də ziyanlı və təhlükəli veb-səhifələrlə də dolu olan qlobal şəbəkədir. Onun sözlərinə görə, informasiya xaosunun içərisindən uşaqlara zərərsiz olan veb-səhifələrin axtarışı, aşkarlanması və əldə olunması üçün xüsusi metod və vasitələrdən isifadə olunmalıdır. Uşaqların təhlükəsizliyini təmin etmək üçün isə verilənlərin sanitarizasiyası metodundan istifadə etməklə ziyanlı informasiyanın qarşısının alınması və müvafiq qərarın qəbulu üçün məruzəçi tərəfindən konseptual model təklif olundu.

S.Ocaqverdiyeva  hal-hazırda uşaqların İnternetdən təhlükəsiz istifadəsi problemlərinin həllinə yönəlmiş çoxlu sayda proqram təminatlarının mövcud olmasına baxmayaraq,şəbəkədə uşaqların təhlükəsizliyinin təmin edilməsi üçün daha optimal üsulların, etibarlı proqram vasitələrinin və mexanizmlərin yaradılmasına ehtiyac duyulduğunu vurğuladı. Məruzəçi uşaq və yeniyetmələrin təhlükəsizliyinin təmin edilməsi məqsədilə profilaktika işləri, valideynlərlə iş, informasiya resurslarından istifadə, texniki nəzarət kimi üsullar təklif etdi.

Veb-analitika haqqında danışan sektor müdiri qeyd etdi ki, bu veb-sayta daxil olan məlumatları  optimallaşdırmaq üçün istifadə olunan bir sistemdir. Onun əsas məqsədi saytların monitorinqini aparmaqdan və qarşıya qoyulan məsələni həll etməkdən  ibarətdir. Veb-analitika istifadəçilərin virtual mühitdə davranışları, onların hansı səhifələri ziyarət etməsi və s. məlumatları təhlil etmək üçün yığılmış məlumatlar üzərində analiz aparır. Bu sistemdən əvvəllər qeydiyyat faylları sistemində olan problemlərin aradan qaldırılması üçün istifadə edilirdisə, son vaxtlar təhlükələrin yaratdığı problemlərin qarşısının alınması məqsədilə daha çox tətbiq edilir.

Sonra məruzəçi konseptual modelin ümumi sxemini təqdim etdi. Bildirdi ki, bu modelə əsasən, istifadəçisi uşaqlardan ibarət olan auditoriyaya onların yaşı, marağı, səhhəti, bilik səviyyəsi, psixoloji vəziyyəti və s. əlamətləri nəzərə alınmaqla süzgəcdən keçirilmiş veb-səhifələr təqdim olunur. Bu kateqoriyalar milli, dini, etnik, coğrafi məkan və s. xüsusiyyətlərə görə  artırıla və dəyişdirilə bilər.

S.Ocaqverdiyeva həmçinin, təklif olunmuş konseptual modelin bir sistem şəklində fəaliyyətini təmin etmək üçün istifadə olunan veb-seperator, veb-total komponentlərindən danışdı. Veb-seperator kontent analizi, yaxud informasiyanın məzmununun təhlili, mətn və qrafik məlumatların öyrənilməsi üçün formalaşdırılmış bir metoddur. Təmizlənmiş multimedia trafiki veb-totalın girişinə daxil olur. İnternetdən daxil olan multimedia trafikinin üzərində aqreqatlaşdırma, strukturlaşdırma, təmizləmə işləri yerinə yetirilir.

Daha sonra məruzəçi biometrik identifikasiya barədə məlumat verərək, bu üsuldan biometrik məlumatların informasiya texnologiyaları sahəsində giriş əlamətlərinin idarə edilməsi və girişə nəzarəti üçün istifadə olunduğunu bildirdi. Onun sözlərinə görə, uşaqlara biometrik xüsusiyyətləri nəzərə alınmaqla tərtib olunmuş şablona əsasən sistemə daxil olmağa icazə verilir. Biometrik xüsusiyyətlərinə görə təsnif edilən veb-kontent sonda istifadəçilərə ötürülsə də onun haqqında məlumatlar cədvəl, diaqram, hesabat şəklində verilənlər bazasında saxlanıla bilər.

Sonda məruzə ətrafında müzakirələr aparıldı, suallar cavablandırıldı. AMEA-nın akademik-katibi, institutun direktoru, akademik Rasim Əliquliyev mövzu ilə bağlı bir sıra təklif və tövsiyələrini səsləndirdi.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.