Elektron tullantı problemləri araşdırılır

25 Dekabr 2017 - 14:00 | Konfranslar, İclaslar

AMEA İnformasiya Texnologiyaları İnstitutunun növbəti elmi seminarı keçirildi. Tədbiri giriş nitqi ilə açan AMEA-nın akademik-katibi, institutun direktoru, akademik Rasim Əliquliyev “Elektron tullantıları problemləri və onların həlli yolları” mövzusuna həsr olunmuş seminarın mühüm elmi aktuallıq kəsb etdiyini bildirdi.

Məruzəni təqdim edən institutun şöbə müdiri, texnika üzrə fəlsəfə doktoru Bikəs Ağayev bəşəriyyətin qlobal ekoloji problemləri, elektron tullantılar (ET) sahəsində əsas terminlər, müxtəlif sahələrə aid olan tullantıların növləri haqqında məlumat verdi.

Məruzəçi hər il dünyada 70 milyon ton ET-nin əmələ gəldiyini və bu rəqəmin getdikcə artdığını bildirdi. O, ET-nin  ətraf mühitə və insan sağlamlığına zərərli təsiri, təkrar istifadə üçün xammal mənbəyi, istilik-enerji mənbəyi kimi xüsusiyyətlərindən söz açdı.

B.Ağayev tibbi elektron tullantıların təhlükələrindən danışaraq onların insanlara ekoloji, epidemioloji və fizioloji təsirlərinin mövcud olduğunu söylədi. Məruzəçinin sözlərinə görə, Ümumdünya Səhiyyə Təşkilatının məlumatına əsasən, atmosfer havasının çirklənməsi səbəbindən dünyada hər il 5 milyon insan dünyasını dəyişir.

B.Ağayev qeyd etdi ki, elektron tullantıların mənfi təsirləri ilə mübarizə məqsədilə dünyanın aparıcı təşkilatlarının, o cümlədən Birləşmiş Millətlər Təşkilatının Baş Assembleyasında Təbiəti Mühafizə Komissiyasının, Yohannesburq Beynəlxalq Sammitinin və Avropa İttifaqı (Aİ) Komissiyasının sənədləri qəbul olunmuşdur. Ölkəmizdə isə “Təhlükəli tullantıların idarə edilməsinin Dövlət Strategiyası” və “Azərbaycan 2020: Gələcəyə baxış” İnkişaf Konsepsiyasında bu məsələlər öz əksini tapmışdır. O, həmçinin Aİ və Azərbaycanda elektron tullantıların idarə edilməsi sisteminə (ETİS) dair qanunvericilik bazası haqqında məlumat verdi.

Məruzəçi ETİS-in iqtisadi idarə mexanizmlərindən söz açaraq bu mexanizmlərə istehsalçının genişləndirilmiş məsuliyyəti, təkrar istehsal (recycling) normalarının monitorinqi və cərimə, ET-nin yaranmasının qarşısının alınması və minimallaşdırma planları, ET-nin yandırılmasına və basdırılmasına kvota-differensasiyalı vergi, selektiv yığım müqavilələrinin daxil edildiyini diqqətə çatdırdı. ETİS-in informasiya dəstəyi mexanizmləri, proqram komponentləri, ümumiləşdirilmiş texnoloji emal prosesi, ET-nin texnoloji emal sxemi, ET idarəçiliyinə dair yanaşmalar barədə ətraflı məlumat verdi.

Azərbaycanda ET-nin texnoloji emal sxemindən danışan məruzəçi qeyd etdi ki, AR Dövlət Statistika Komitəsinin 2015-ci il hesabatına görə, ölkəmizdə tərkibində civə olan 0,2 ton maddə, 3,9 ton lüminessent lampa, 27 ton batareya və akkumulyator, 717,9 ton tibbi tullantı heç bir ilkin və təkrar emal prosesi keçmədən poliqonlara atılmışdır.

Şöbə müdiri hazırda Bakı şəhərində fəaliyyət göstərən Məişət Tullantılarının Çeşidlənməsi Zavodu və Məişət Tullantılarının Yandırılması Zavodunun Şərqi Avropada ən böyük qarışıq tullantı müəssisələri olduğunu diqqətə çatdırdı. İldə 500 min ton məişət və 10 min ton tibbi tullantıları emal etmək imkanına malik olan müəssisələrin bir il ərzində tullantıların yandırılmasından 231,5 mln. kVt/saat elektrik enerjisi istehsal etdiyini vurğuladı.

Sonra məruzəçi bəzi texnoloji emal problemlərindən danışaraq məlumat daşıyıcıları tullantılarının informasiya təhlükəsizliyi, radioaktiv tullantıların utilizasiyası, kartriclərin təhlükəsiz doldurulması və utilizasiyası problemlərinin həll yollarını nəzərə çatdırdı.

O, həmçinin Azərbaycanda əhalinin ETİS-də iştirakı, Aİ, Rusiya Federasiyası və Azərbaycan Respublikasında tullantıların emalı metodlarının müqayisəsi, ET-nin selektiv yığım problemləri, selektiv yığımın maliyyə mexanizmləri, Aİ ölkələrində ET-nin selektiv yığım atributlarını təqdim etdi.

Çıxışının sonunda məruzəçi respublikamızda ETİS-in yaradılmasına dair təkliflərini səsləndirdi. B.Ağayev hərtərəfli və dərin araşdırmalar aparmaqla elektron tullantıların idarə edilməsinin mövcud problemləri və çatışmazlıqlarının araşdırılaraq və xarici təcrübəyə əsaslanmaqla ETİ-nin milli sisteminin işlənilməsi üçün məqsədəuyğun strateji və texniki həll prinsiplərinin müəyyənləşdirilərək ETİS-in işlənməsinin zəruriliyini qeyd etdi.

Sonra çıxış edən akademik Rasim Əliquliyev elektron tullantıların müxtəlif problemlərinin araşdırılmasının ümumbəşəri əhəmiyyətli məsələlərdən olduğunu söylədi. Alim ET-nin ətraf mühit və insan sağlamlığı üçün yaratdığı potensial təhlükələrdən söz açaraq onun təkrar emala təqdim olunmasının vacibliyini vurğuladı. İnstitut direktoru elektron tullantı problemlərinə həsr olunmuş tədqiqatların daha da genişləndirilməsini tövsiyə etdi. 

Məruzə ətrafında geniş fikir mübadiləsi aparıldı, çoxsaylı suallar cavablandırıldı. 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.