İnstitutun Həmkarlar Komitəsinin 5 illik hesabatı dinlənildi

06 Oktyabr 2017 - 14:35 | Konfranslar, İclaslar

Bu gün AMEA İnformasiya Texnologiyaları İnstitutunda bu qurumun Həmkarlar Komitəsinin (HK) 2013-2017-ci illər üzrə hesabatı müzakirə olundu. Tədbirdə AMEA-nın akademik-katibi, İnformasiya Texnologiyaları İnstitutunun direktoru, akademik Rasim Əliquliyev, texnologiyalar üzrə direktor müavini, texnika üzrə fəlsəfə doktoru, dosent Rəşid Ələkbərov, AMEA Azad Həmkarlar İttifaqının sədri vəzifəsini icra edən, hüquq elmləri doktoru, professor Habil Qurbanov, Azad Həmkarlar İttifaqı Rəyasət Heyətinin üzvü, tarix üzrə fəlsəfə doktoru Abuzər Ələkbərov və institut əməkdaşları iştirak edirdi.

Öncə R. Ələkbərov tədbiri giriş sözü ilə açaraq gündəlikdə duran məsələləri diqqətə çatdırdı, tədbirin  Həmkarlar Komitəsi və Təftiş komissiyasının hesabatının təqdim olunması, hər iki qurumun yeni tərkibinin seçilməsi və digər təşkilati məsələlərin müzakirəsinə həsr olunduğunu bildirdi.

Sonra institutun Həmkarlar Komitəsinin sədri, şöbə müdiri Səyyar Abdullayev rəhbərlik etdiyi komitənin 5 illik hesabatını təqdim edərək HK-nın əməkdaşların əmək, sosial və iqtisadi hüquqlarını müdafiə etdiyini bildirdi.

S.Abdullayev institutun Həmkarlar Təşkilatının AMEA Azad Həmkarlar İttifaqının nizamnaməsində qoyulan tələblər çərçivəsində fəaliyyət göstərdiyini diqqətə çatdırdı.  Bildirdi ki, əmək hüququ və aztəminatlı ailələrin müdafiəsi, mədəni-kütləvi tədbirlərin təşkili və idarə olunması, gənclərlə iş və asudə vaxtın səmərəli təşkili və s. HK-nın əsas fəaliyyət istiqamətlərindəndir.

O, həmçinin əməkdaşların iş rejimi, hər il istirahət mərkəzlərinə kollektiv səfərlər və institut əməkdaşları üçün müalicə mərkəzlərinə yollayışların təşkili, idman, səhiyyə, mədəniyyət və digər sahələrdə tədbirlər çərçivəsində həyata keçirilən kompleks işlər haqqında geniş məlumat verdi.  

Sonra institutun şöbə müdiri, texnika üzrə fəlsəfə doktoru Bikəs Ağayev Təftiş komissiyasının (TK) hesabatına dair çıxış etdi. O, institutun Həmkarlar Komitəsinin 2013-2017-ci illər ərzində fəaliyyətinin TK tərəfindən yoxlanılmasının nəticələri haqqında məlumat verdi. Bildirdi ki, hazırda institut əməkdaşlarının ümumi sayı 446 nəfərdən ibarətdir ki, onların da hər biri yerli HK-nın üzvüdür. Yoxlamalar göstərmişdir ki, bütün hallarda HK-nın fəaliyyəti normativ sənədlərin tələblərinə uyğundur. Həmçinin institut rəhbərliyi və Həmkarlar İttifaqı arasında bağlanmış müqavilə və bu müqavilədən irəli gələn öhdəlik və səlahiyyətlərə əməl edilmişdir.

İclasda institutun şöbə müdirləri, fizika-riyaziyyat üzrə fəlsəfə doktoru, dosent Tofiq Kazımov, iqtisad üzrə fəlsəfə doktoru, dosent Əlövsət Əliyev, texnika üzrə fəlsəfə doktoru Vüqar Musayev və sektor müdiri Əfruz Qurbanova çıxış edərək HK-nın gördüyü işlərə dair fikirlərini bölüşdülər, komitənin sədri Səyyar Abdullayevin fəaliyyətini yüksək qiymətləndirdilər. Bildirildi ki, 5 il ərzində institut əməkdaşlarının müxtəlif problemlərinin həll edilməsi, onların bir araya gətirilərək qurumun ictimai həyatında fəal iştiraka cəlb olunması və digər təşkilati işlərin yüksək səviyyədə, şəffaf şəkildə həyata keçirilməsində S.Abdullayevin əvəzsiz xidmətləri olmuşdur.

Sonra Həmkarlar Komitəsi və Təftiş komissiyasının yeni tərkibinin müəyyən edilməsi, həmçinin Qurultaya və Məclisə nümayəndələrin seçilməsi üçün səsvermə keçirildi, yeni tərkib yekdilliklə təsdiq olundu. Səsvermənin nəticələrinə görə, S.Abdullayev növbəti 5 il üçün yenidən institutun Həmkarlar Komitəsinin rəhbəri seçildi.

Daha sonra Azad Həmkarlar İttifaqının (AHİ) sədri, professor Habil Qurbanov çıxış etdi. Bildirdi ki, AHİ-nin əsas məqsədi AMEA rəhbərliyinin göstərişlərinə əsasən, akademiya əməkdaşlarının sosial-məişət və digər problemlərinin həllinə yardım etməkdir. H.Qurbanov bu istiqamətdə həyata keçirilən işlər, əldə olunan nəticələrə dair məlumat verdi. Bildirdi ki, yaxın gələcəkdə AMEA əməkdaşları üçün yeni mənzillərin tikilməsi, tibb mərkəzlərinin açılması və onların digər məişət problemlərinin həlli istiqamətində kompleks tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur.

O, həmçinin institutun HK-nin AMEA-nın öndə gedən həmkarlar ittifaqlarından biri olduğunu qeyd edərək onun fəaliyyətini müsbət qiymətləndirdi və S.Abdullayevə gələcək işlərində uğurlar arzuladı.

Sonda çıxış edən akademik Rasim Əliquliyev AHİ-nin akademiya əməkdaşlarının sosial-iqtisadi mənafelərini, əmək hüquqlarını müdafiə etməkdən, onların sağlamlığı, əmək, istirahət və məişət şəraitlərini yaxşılaşdırmaq istiqamətində mühüm işlər gördüyünü bildirdi. AMEA prezidenti, akademik Akif Əlizadənin akademiyanın həmkarlar komitələrinə hər zaman diqqət ayırdığını, onların daha dinamik və səmərəli fəaliyyəti üçün lazımi köməkliyi göstərdiyini qeyd etdi.

Alim rəhbərlik etdiyi qurumun Həmkarlar Komitəsinin də əhəmiyyətli bir missiyanı yerinə yetirdiyini vurğulayaraq onun fəaliyyətinin daha da yaxşılaşdırılması üçün institut əməkdaşlarını birgə səy göstərməyə, bu prosesdə fəal iştirak etməyə çağırdı.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.