İnstitut alimlərinin məqaləsi IEEE-nin beynəlxalq konfransında dərc olunub

09 Oktyabr 2017 - 14:00 | Mühüm hadisələr
İnstitut alimlərinin məqaləsi IEEE-nin beynəlxalq konfransında dərc olunub

AMEA İnformasiya Texnologiyaları İnstitutunun şöbə müdiri, AMEA-nın müxbir üzvü, texnika elmləri doktoru, prof. Məsumə Məmmədova və institutun baş elmi işçisi, texnika üzrə fəlsəfə doktoru, dosent Zərifə Cəbrayılovanın həmmüəllifi olduqları “Decision support method for human resource management of the virtual organization”  (Virtual təşkilatlarda insan resurslarının idarə olunmasında qərarların qəbulunun dəstəklənməsi metodları) və “Decision Support for the Recruitment of Medical Specialists” (Tibb mütəxəssislərinin işə götürülməsində qərarların qəbulunun dəstəklənməsi) adlı məqalələri 20-22 sentyabr 2017-ci il tarixdə Moskva (Rusiya) şəhərində keçirilən IEEE-nin İKT-nin tətbiqi üzrə XI beynəlxalq konfransında (The 11th IEEE International Conference Application of Information and Communication Technologies – AICT 2017) çap olunub.

“Virtual təşkilatlarda insan resurslarının idarə olunmasında qərarların qəbulunun dəstəklənməsi metodları” adlı məqalədə virtual təşkilatların tipləri, xüsusiyyətləri və insan resurslarının idarə olunmasının səciyyəvi cəhətləri göstərilir. Virtual işçilərin idarə olunması qeyri-səlis mühitdə qərarların qəbulu məsələsi kimi səciyyələndirilir. Alternativlərin ekspert qiymətlərinin cüt-cüt müqayisəsi, iyerarxik analiz, ekspert qiymətlərində ziddiyyətin aşkarlanması və multiplikativ aqreqatlaşdırma metodlarına əsaslanmaqla virtual işçilərin seçilməsi üçün qərarların qəbulu metodikası təklif olunur, məsələnin empirik eksperimenti təsvir edilir.

“Tibb mütəxəssislərinin işə götürülməsində qərarların qəbulunun dəstəklənməsi” adlı məqalədə isə tibb mütəxəssislərinə olan tələb və təklifin qeyri-səlis situasiya modelləri, onların uyğunlaşdırılmasının intellektual idarə olunması üçün situasiyaların qeyri-səlis oxşarlığı əsasında həll metodları təklif edilir. Tibb mütəxəssislərinin işəgötürülməsində qərarların qəbulu üçün mümkün ssenarilərə uyğun həll metodikası verilir, məsələnin həll alqoritmi və reallaşdırılması mərhələləri təsvir olunur.

Qeyd edək ki, AICT 2017 konfransı “Thomson Reuters Scientific”, “Google Scholar”, “Association for Computing Machinery”, “The Institution of Engineering and Technology”, “American Mathematical Society”, “National Library of Medicine”, “Optical Society of America”, “Scitopia.org” kimi nüfuzlu bazalarda indeksləşib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.