Kompüter sistemlərinə xidmətlər üzrə dünya təcrübəsi araşdırılır

18 İyul 2017 - 11:40 | Konfranslar, İclaslar

AMEA İnformasiya Texnologiyaları İnstitutunun elmi seminarının növbəti iclasında “Kompüter sistemlərinə xidmətlər üzrə dünya təcrübəsi” mövzusunda məruzə dinlənildi. Məruzəni təqdim edən institutun 11 saylı şöbəsinin müdiri Şakir Mehdiyev texniki xidmətin aktuallığı, strategiyaları, bu sahədə dünya təcrübəsi haqqında ətraflı məlumat verdi. Bildirdi ki, elm və texnikanın inkişafı digər sahələrdə olduğu kimi öz növbəsində informasiya texnologiyaları sahəsində edilən ənənəvi texniki xidmətlərin yeni vasitələrinin yaradılmasına səbəb olmuşdur. Texniki xidmət (TX) texniki sistemlərdə təyinatlı fəaliyyətin yerinə yetirilməsinə və saxlanılmasına yönəldilmiş xidmət sahəsidir.

Sonra Ş.Mehdiyev elektron texniki xidmətin imkanlarından danışdı. Onun sözlərinə görə, buraya onlayn fasiləsiz smart xidmət, resursların avtomatik monitorinqi, nəzarət və profilaktikanın operativliyi və s. aiddir.

Məruzəçi texniki xidmətin kəmiyyət indikatorlarına TX-ə sərf olunan vaxt və maliyyə, ehtiyat hissələrinin miqdarı və qiyməti, texniki xidmətin keyfiyyət indikatorlarına isə səmərəlilik, təhlükəsizlik, əldə olunan nəticələrin sabitliyi və s. aid olduğunu bildirdi.

Ş.Mehdiyev qeyd etdi ki, dünyada tətbiq sahələrinin maliyyə itkilərinə 85% istifadəçi səhvi, 12% avadanlıqların imtinası, 3% iri miqyaslı qəzalar və fövqəladə hadisələr səbəb olur. O, həmçinin texniki xidmətin insorsinq, autsorsinq, autstafinq kimi iqtisadi modelləri haqqında məlumat verdi. 

Məruzənin sonunda geniş fikir mübadiləsi aparıldı, bir sıra təklif və tövsiyələr səsləndirildi.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.