AMEA İnformasiya Texnologiyaları İnstitutunun Tədris-İnnovasiya Mərkəzinin (TİM) 2017-ci il üzrə yarımillik hesabatı müzakirə olundu. TİM-in rəhbəri Rəsmiyyə Mahmudova hesabat dövründə mərkəzdə yerinə yetirilmiş elmi-tədqiqat işləri haqqında məlumat verdi. O, informasiya mədəniyyəti kriteriyalarına görə fərdlərin qiymətləndirilməsi üçün metod və alqoritmlərin işlənməsi, intellektual oyun texnologiyalarının informatika fənninin tədrisinə inteqrasiyasının analizi və jest dili problemləri mövzuları üzrə aparılmış tədqiqatlardan söz açdı, mövzular üzrə nəşr olunmuş məqalələri diqqətə çatdırdı.
TİM-in rəhbəri mərkəzin elmi-innovasiya və praktiki fəaliyyətindən bəhs edərək burada respublika üzrə doktorant və dissertantlara informatika fənninin tədrisi və imtahanların qəbulunun həyata keçirildiyini qeyd etdi, Naxçıvan Muxtar Respublikası və Gəncə bölgəsində yaşayan doktorant və dissertantlar üçün distant tədris və imtahanların təşkil edildiyini vurğuladı.
R.Mahmudovanın sözlərinə görə, mərkəzdə AMEA-nın institut və təşkilatlarının doktoranturasına fəlsəfə fənni üzrə qəbul və doktorluq imtahanları, institutun doktoranturasına qəbul və ixtisas imtahanları, eləcə də AMEA magistrantları üçün ümumi fənlər üzrə dərs və imtahanların yüksək səviyyədə təşkili işləri də həyata keçirilir.
O, hər il olduğu kimi, cari ildə də ali məktəb tələbələri arasında informatika üzrə Ümumrespublika Olimpiadasının final mərhələsinin təşkil olunduğunu, müəssisə və təşkilatların əməkdaşları və sıravi vətəndaşlar üçün İT-kursların təşkili və sertifikatlaşdırma ilə bağlı işlərin davam etdirildiyini, o cümlədən AMEA-nın institut və təşkilatlarında test üsulu ilə ixtisas imtahanlarının təşkili, proqramların yazılması, əməkdaşların təlimatlandırılması işlərinin həyata keçirildiyini söylədi.
Beynəlxalq əməkdaşlıq əlaqələrinin inkişafı məsələsinə toxunan R.Mahmudova bildirdi ki, “Microsoft Azərbaycan” şirkəti ilə əməkdaşlıq münasibətlərinin qurulması istiqamətində işlər aparılıb, institutun bir neçə əməkdaşı “Microsoft”un sertifikatını əldə ediblər.
Məruzəçi, həmçinin şöbənin elmi-pedaqoji və elmi-təşkilati fəaliyyəti, elmi-texniki konfranslarda iştirak, AR Prezidenti yanında Ali Attestasiya Komissiyası tərəfindən tövsiyə olunmuş beynəlxalq və respublika səviyyəli jurnallarda elmi məqalələrin nəşri, müxtəlif təyinatlı elektron nəşrlərin hazırlanması, əldə olunmuş nəticələrin KİV-də təbliği və s. ilə bağlı görülmüş tədbirlər barədə məlumat verdi.
Sonra AMEA-nın akademik-katibi, AMEA İnformasiya Texnologiyaları İnstitutunun direktoru, akademik Rasim Əliquliyev şöbənin hesabatı ilə bağlı təklif və tövsiyələrini səsləndirdi. Alim mərkəzin elmi fəaliyyətinin daha da gücləndirilməsinə dair tapşırıqlar verdi.
Mövzu ilə bağlı ətraflı fikir mübadiləsi aparıldı, suallar cavablandırıldı.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.