AMEA İnformasiya Texnologiyaları İnstitutunda növbəti elmi seminar keçirildi.
Tədbiri giriş sözü ilə açan AMEA-nın akademik-katibi, institutun direktoru, akademik Rasim Əliquliyev seminarın AzScienceNet şəbəkəsinin GEANT-a çıxış kanalının səmərəli istifadəsi ilə bağlı görülmüş işlər, eləcə də AzScienceNet-in informasiya təhlükəsizliyi və monitorinq imkanlarının genişləndirilməsi məsələlərinə həsr olunduğunu bildirdi.
AzScienceNet şəbəkəsinin GEANT-a çıxış kanalının səmərəli istifadəsi ilə bağlı Tədbirlər Planı üzrə Hesabatını təqdim edən institutun direktor müavini, texnika üzrə fəlsəfə doktoru, dosent Rəşid Ələkbərov bu şəbəkənin 2016-cı ildən Avropa üzrə bütün elm və təhsil qurumlarına xidmət göstərən nəhəng elektron infrastruktur olan GEANT-a qoşulduğunu və İnternetə 1 Gbit/san sürətlə çıxış imkanı əldə etdiyini bildirdi. Qeyd etdi ki, bu istiqamətdə işlərin daha da gücləndirilməsi məqsədilə Tədbirlər Planı hazırlanmışdır.
R.Ələkbərov Tədbirlər Planı çərçivəsində görülmüş işlər haqqında məlumat verdi. O, ölkədə elm və təhsil sahələrinin inteqrasiyasında AzScienceNet-in böyük imkanlara malik olduğunu bildirərək AMEA və Təhsil Nazirliyi arasında bu istiqamətdə işgüzar əməkdaşlıq əlaqələrinin qurulduğunu diqqətə çatdırdı. R.Ələkbərovun sözlərinə görə, 21 dekabr 2016-cı il tarixində keçirilən AMEA-nın Ümumi yığıncağı və Azərbaycan Respublikası Təhsil Nazirliyinin Kollegiyasının birgə elmi sessiyasında elm və təhsilin inteqrasiyası istiqamətində ölkənin təhsil müəssisələrinin AzScienceNet-in xidmətlərindən istifadəsi, eləcə də AzScienceNet ilə Azərbaycan Təhsil Şəbəkəsi (AzEduNet) arasında işgüzar əməkdaşlıq əlaqələrinin qurulması məsələləri müzakirə olunmuşdur.
Məruzəçi əməkdaşlıq çərçivəsində hazırda ölkənin 10 ali təhsil müəssisəsinin AzScienceNet şəbəkəsinə qoşulduğunu vurğuladı. “Bu əməkdaşlıq həmin ali məktəblərin tələbələri, alim və mütəxəssisləri, doktorant və dissertanlarının AzScienceNet və Data Mərkəzin xidmətləri ilə yanaşı, həm də GEANT beynəlxalq şəbəkəsinin xidmətlərindən istifadəsinə, dünya elminə inteqrasiyasına imkan yaradacaq”, – deyə bildirən direktor müavini yaxın gələcəkdə daha bir neçə ali və orta ümumtəhsil məktəbinin AzScienceNet şəbəkəsinə qoşulmasının nəzərdə tutulduğunu diqqətə çatdırdı.
R.Ələkbərov qeyd etdi ki, AMEA Fizika İnstitutunun nəzdində fəaliyyət göstərən “Qrid Elmi Tədqiqatlar Mərkəzi” AzScienceNet şəbəkəsinə qoşulmuşdur ki, bu da mərkəzin beynəlxalq elm aləminə inteqrasiyasında mühüm rol oynayacaq. O, həmçinin “EaPConnect” layihəsi çərçivəsində AzScienceNet üçün avadanlığın alınması işlərinin yerinə yetirildiyini, AMEA-nın institut və təşkilatlarının GEANT-a qoşulması işlərinin həyata keçirildiyini, GEANT xəttinin istismarı ilə bağlı monitorinqlərin aparıldığını və Tədbirlər Planında nəzərdə tutulan digər işlərin icra olunduğunu söylədi.
AzScienceNet-in informasiya təhlükəsizliyi və monitorinq imkanlarının genişləndirilməsi haqqında məruzəni təqdim edən institutun sektor müdiri Babək Nəbiyev İnternet mühitində veb-saytların təhlükəsizliyinin təmin olunmasının vacib məsələlərdən olduğunu söylədi. Təhlükəsiz İnternetə təşviq məqsədlə 2017-ci ilin əvvəllərindən “Google” şirkətinin “Chrome” brauzerində “Təhlükəsiz deyil” qeydinin tətbiq olunduğunu diqqətə çatdırdı.
O, “Secure Sockets Layer” (SSL) sertifikatı haqqında məlumat verərək SSL-in brauzer və veb-server arasında şifrələnmiş əlaqə yaradan texnologiya olduğunu bildirdi. Qeyd etdi ki, HTTPS protokolunda təhlükəsizliyin təmin olunması üçün istifadə olunan SSL sertifikatını Beynəlxalq Sertifikasiya Mərkəzlərindən illik ödənişlə əldə etmək mümkündür.
B.Nəbiyev, həmçinin SSL sertifikatlarının növləri, bu sertifikatların iş prinsipi, eləcə də dünya üzrə ən tanınmış sertifikasiya mərkəzləri haqqında məlumat verdi.
Sonda məruzəçi şəbəkə trafiki paketlərinin dərin analizini aparan “Deep Packet İnspection” (DPİ) prosesindən söz açaraq bu prosesin əsasən paketlərin başlıqlarının oxunması əsasında reallaşdırıldığını vurğuladı. Onun sözlərinə görə, DPİ vasitəsilə konkret proqram təminatı və ya xidmətin istifadə etdiyi trafiki müəyyən etmək və onu məhdudlaşdırmaq mümkündür.
Sonra çıxış edən akademik Rasim Əliquliyev AzScienceNet şəbəkəsinin GEANT və AzEduNet şəbəkəsi ilə əlaqələrinin yüksək səviyyədə təşkili istiqamətində işlərin davam etdirilməsini tövsiyə etdi. Alim, həmçinin AzScienceNet vasitəsilə elektron elmin ölkədaxili və beynəlxalq inteqrasiyasının inkişaf etdirilməsinin vacibliyini qeyd etdi.
Məruzələr ətrafında geniş fikir mübadiləsi aparıldı, suallar cavablandırıldı.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.