Azərbaycanın coğrafi adları www.eurogeographics.org veb-portalında yerləşdiriləcək

15 Aprel 2014 - 14:00 | Mühüm hadisələr
Azərbaycanın coğrafi adları www.eurogeographics.org veb-portalında yerləşdiriləcək

Azərbaycan Respublikasındakı coğrafi adların olduğu kimi xarici ölkələrdə nəşr edilən xəritələrdə əks etdirilməsi məqsədilə ölkənin coğrafi adlarının www.eurogeographics.org portalında yerləşdirilməsi üçün hazırda müvafiq işlər görülür. Bu haqda Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin sədri, akademik Qərib Məmmədov bildirib. 

Qeyd edək ki, Ermənistan tərəfindən coğrafi adlar sahəsində mütəmadi olaraq təxribat xarakterli hərəkətlərə yol verilməsinin, o cümlədən Azərbaycanın coğrafi adlarının əsassız şəkildə dəyişdirilməsinin qarşısını almaq üçün "Cənubi Qafqaz. 1903-cü il” xəritəsi hazırlanaraq nəşr edilib. Xəritə Prezident İlham Əliyevin “Cənubi Qafqaz. 1903-cü il xəritəsinin nəşri haqqında” 18 aprel 2012-ci il tarixli Sərəncamı əsasında hazırlanıb. 

Xəritənin məzmunu 1903-cü ildə çar Rusiyası dövründə Rusiya hərbçiləri tərəfindən rus dilində nəşr edilmiş “Карта Кавказского военного округа 1903 года” xəritəsinə əsaslanır. 

ictnews.az Elektron Xəbər Xidmətinin məlumatına görə, xəritə üç dildə (Azərbaycan, rus və ingilis dillərində) nəşr edilib. “Bu xəritə keçmiş dövrdəki coğrafi adları olduğu kimi əks etdirməklə Ermənistanın coğrafi adlar sahəsində olan təxribatlarına tutarlı cavabdır” – deyə Q.Məmmədov bildirib.