“Proqram mühəndisliyinin aktual elmi-praktiki problemləri” konfransına hazırlıq işləri görülür

12 Aprel 2017 - 12:49 | Konfranslar, İclaslar

17 may 2017-ci il tarixdə AMEA Rəyasət Heyəti, Azərbaycan Respublikası Təhsil Nazirliyi və AMEA İnformasiya Texnologiyaları İnstitutunun təşkilatçılığı ilə “Proqram mühəndisliyinin aktual elmi-praktiki problemləri” I respublika elmi-praktiki konfransı keçiriləcək. Bu məqsədlə institutun Elmi şurasının iclasında tədbirə hazırlıq işlərinin icra vəziyyəti müzakirə olundu.

AMEA-nın akademik-katibi, institutun direktoru, akademik Rasim Əliquliyev çıxış edərək bildirdi ki, ölkə rəhbərliyinin müvafiq qərar və sərəncamlarından irəli gələn vəzifələrin yerinə yetirilməsi, biliklər cəmiyyətinin qurulmasına elmi dəstək verilməsi məqsədilə AMEA Rəyasət Heyəti proqram mühəndisliyinin çoxaspektli problemlərinə həsr olunmuş elmi-praktiki konfransın keçirilməsinə dair qərar qəbul edib.

Alim proqram mühəndisliyinin problemlərinin müxtəlif aspektləri ilə məşğul olan alim və mütəxəssislərin bir araya gəlməsi və əməkdaşlıq perspektivlərinin müəyyənləşdirilməsi baxımından konfransın böyük əhəmiyyətə malik olduğunu bildirdi, bu sahədə mövcud problemlərin həllinə öz töhfəsini verəcəyinə əminliyini ifadə etdi.

Sonra institutun şöbə müdiri, fizika-riyaziyyat üzrə fəlsəfə doktoru, dosent Tofiq Kazımov konfransa hazırlıq üzrə fəaliyyət planını təqdim edərək tədbirin təşkili və hazırlıq işlərinin vəziyyəti haqqında ətraflı məlumat verdi.

T.Kazımov proqram mühəndisliyinin elmi-nəzəri və tətbiqi problemləri, həmçinin onun tədrisi istiqamətləri üzrə keçiriləcək konfransda proqram təminatının keyfiyyətinin idarə olunması, təhlükəsizliyi və etibarlılığı, proqram mühəndisliyinin sosial-iqtisadi aspektləri, hüquqi və etik problemləri, veb-proqramlaşdırma texnologiyaları, proqram mühəndisliyində bulud və qrid texnologiyaları, Big Data problemləri, proqram təminatına qoyulan tələblər, layihələndirmə və resursların idarə edilməsi və digər mövzularda məruzələrin dinləniləcəyini nəzərə çatdırdı.

Sonda fəaliyyət planında nəzərdə tutulmuş təşkilati, texniki və digər məsələlərlə bağlı geniş fikir mübadiləsi aparıldı, müvafiq tədbirlərin həyata keçirilməsi qərara alındı.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.