AMEA İnformasiya Texnologiyaları İnstitutunun Elmi şurasının 11 aprel 2017-ci il tarixdə keçirilmiş növbəti iclasında “Azərbaycan alimləri diasporası” informasiya sisteminin yaradılması məsələsi müzakirə olundu.
İnformasiya sistemi haqqında məlumat verən institutun şöbə müdiri Gülnarə Nəbibəyova bu sistemin Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 20 sentyabr 2016-cı il tarixli Sərəncamı ilə təsdiq edilən “Azərbaycan Respublikasında informasiya cəmiyyətinin inkişafına dair Milli Strategiyanın həyata keçirilməsi üzrə 2016–2020-ci illər üçün Dövlət Proqramı”ndan irəli gələn vəzifələrin həyata keçirilməsinə xidmət etdiyini bildirdi.
Onun sözlərinə görə, Dövlət Proqramı çərçivəsində yüksək texnologiyalar üzrə elmi-texniki potensialın gücləndirilməsi istiqamətində xaricdə yüksək texnologiyalar sahəsində çalışan azərbaycanlı alim və mütəxəssislərlə əməkdaşlığın genişləndirilməsi, birgə tədqiqat və proqramların həyata keçirilməsi üçün tədbirlərin görülməsi də nəzərdə tutulmuşdur.
G.Nəbibəyova bildirdi ki, “Azərbaycan alimləri diasporası” informasiya sisteminin yaradılması məhz bu tədbirlərin həyata keçirilməsi məqsədini daşıyır. O, həmçinin informasiya sisteminin işlənilməsi üçün xaricdə yaşayan azərbaycanlı alimlərin fəaliyyəti haqqında dolğun məlumatların əldə olunmasının zəruriliyini diqqətə çatdırdı.
“Bunları nəzərə alaraq, xarici ölkələrdə fəaliyyət göstərən azərbaycanlı alimlər haqqında məlumatların əldə olunması üçün müvafiq təşkilatlara müraciətlərin ünvanlanması nəzərdə tutulur”, – deyə bildirən G.Nəbibəyova qeyd etdi ki, bu məqsədlə xarici ölkələrdə fəaliyyət göstərən azərbaycanlı alimlər haqqında sorğu forması hazırlanmışdır.
Sonra AMEA-nın akademik-katibi, AMEA İnformasiya Texnologiyaları İnstitutunun direktoru, akademik Rasim Əliquliyev çıxış edərək “Azərbaycan alimləri diasporası” informasiya sisteminin yaradılmasının vacib məsələlərdən olduğunu bildirdi. Akademik dünyanın müxtəlif ölkələrində fəaliyyət göstərən azərbaycanlı alimlər haqqında məlumatların bir araya toplanması baxımından böyük əhəmiyyətə malik olan bu sistemin “Virtual Azərbaycan”ın qurulmasına öz töhfəsini verəcəyinə əminliyini ifadə etdi.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.