Dissertasiya Şurasının növbəti iclası keçirildi

14 Aprel 2014 - 14:00 | Konfranslar, İclaslar

Aprelin 11-də AMEA İnformasiya Texnologiyaları İnstitutunda Dissertasiya Şurasının növbəti iclası keçirildi. 

Tədbiri giriş sözü ilə açan şuranın sədri, AMEA-nın müxbir üzvü, texnika elmləri doktoru, professor Rasim Əliquliyev gündəlikdə duran məsələlər haqqında məlumat verdi. İclas 3338.01 – “Sistemli analiz, idarəetmə və informasiyanın işlənməsi” ixtisası üzrə 2 dissertasiya işinin müdafiəsinə həsr edilmişdi. 

Öncə Dissertasiya Şurasının elmi katibi texnika elmləri üzrə fəlsəfə doktoru Ramiz Şıxəliyev iddiaçılarla bağlı ətraflı məlumat verdi. 

Sonra texnika üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq iddiasında olan Nigar İsmayılova “Qeyri-səlis çoxluqlar üçün bir sinif hamar mənsubiyyət funksiyalarının tədqiqi və tanıma sistemlərində tətbiqi” mövzusunda dissertasiya işini təqdim etdi. 

Dissertasiya işinin elmi rəhbəri fizika-riyaziyyat elmləri doktoru, professor Kamil Ayda-Zadə, rəsmi opponentlər - texnika elmləri doktoru Ramiz Alıquliyev və texnika üzrə fəlsəfə doktoru Babək Qirimov, aparıcı təşkilat isə BDU-nun “İnformasiya texnologiyaları və proqramlaşdırma” kafedrasıdır. 

Dissertasiya işində tədqiqatın elmi yeniliyini xarakterizə edən nəticələr haqqında məlumat verən iddiaçı mövcud mənsubiyyət funksiyalar siniflərini ümumiləşdirən, splayn-funksiya prinsipi əsasında qurulduğunu, birinci tərtib kəsilməz törəməyə malik, parametrik mənsubiyyət funksiyalar sinfinin təklif olunduğunu bildirdi. O, tədqiqat işində qarşıya qoyulmuş məsələləri həll etmək üçün qeyri-səlis çoxluqlar nəzəriyyəsi, süni neyron şəbəkələr, sonlu ölçülü optimallaşdırma üsulları, approksimasiya üsulları, adaptiv neyro-fazi modelləşdirmə üsulları, həndəsi təsvirlərin emalı üsullarından istifadə olunduğunu bildirdi. N.İsmayılova ekspert verilənlərinin approksimasiyası nəticəsində qeyri-səlis çoxluqlar üçün müxtəlif mənsubiyyət funksiya siniflərinin qurulması məsələlərinin həll edildiyini, Azərbaycan dilində çap əlyazma simvollarının tanınması üçün neyro-fazi şəbəkənin sintez olunduğunu və öyrədici baza vasitəsilə öyrənildiyini, müraciətlərin avtomatik yönləndirilməsi üçün neyro-fazi şəbəkənin tərtib olunduğunu söylədi. 

İddiaçı qeyd etdi ki, təklif olunmuş hamar mənsubiyyət funksiyalar sinfi qeyri-səlis çoxluqlar nəzəriyyəsinin tətbiq olunduğu bir sıra sahələrdə - idarəetmə sistemlərində, qərarların qəbul edilməsində, məişət avadanlıqlarının funksionallığının artırılmasında, surətlərin tanınmasında, tibbi diaqnostikada istifadə oluna bilər. 

Dissertasiyanın nəticələri üzrə 19 elmi iş nəşr edilmişdir. 

Sonra texnika üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq iddiasında olan Seyidhüseyn Hüseyninijadgazani “Ad Hoc şəbəkələrində keyfiyyət göstəricilərinin yaxşılaşdırılması üçün metod və alqoritmlərin işlənilməsi” mövzusunda dissertasiya işini təqdim etdi. 

Dissertasiya işinin elmi rəhbəri AMEA-nın müxbir üzvü, texnika elmləri doktoru, professor Rasim Əliquliyev, rəsmi opponentlər - texnika elmləri doktoru, dosentVidadi Musayev və texnika üzrə fəlsəfə doktoru Lalə Kərimova, aparıcı təşkilat isə AMEA Kibernetika İnstitutudur. 

İddiaçı S.Hüseyninijadgazani işin aktuallığını önə çəkərək, müasir dövrdə ənənəvi simsiz şəbəkələrə nisbətən Ad Hoc şəbəkələrinin məşhurluq qazandığını bildirdi. “Ad hoc şəbəkələrində əməliyyatların paylanmış şəkildə yerinə yetirilməsi xidmət keyfiyyətinin yüksəldilməsində bir sıra problemlər yaradır” – deyən iddiaçı bildirdi ki, bu problemlərin həlli üçün yeni alqoritmlər təklif edilsə də, burada nöqsanlar da az deyil. O, bu səbəbdən hazırda bu sahədə tədqiqatların davam etdirilməsinə ehtiyac olduğunu söylədi. 

Tədqiqatlar zamanı Ad Hoc şəbəkələrinin effektivliyinin qiymətləndirilməsi üçün qeyri-səlis model, QoS-un qiymətləndirilməsi üçün intellektual metod, bu şəbəkələrə daha az yük tətbiq edən paylanmış alqoritm işlənmişdir. 

Dissertasiya mövzusu üzrə 10 iş nəşr olunmuşdur. Onlardan 3-ü İSİ bazasında indeks olan jurnallarda və biri impakt-faktorlu jurnalda nəşr olunmuşdur. 

Hər iki iddiaçı təqdim etdikləri dissertasiya işləri ilə bağlı Dissertasiya Şurası üzvlərinin suallarını cavablandırdılar. 

Dissertasiya Şurasının üzvləri hər iki dissertasiya işində əldə olunmuş nəticələri, metod və alqoritmləri yüksək qiymətləndirdilər. Alınmış nəticələrin elmi yenilik olduğunu vurğulayaraq tədqiqatın praktiki əhəmiyyətini qeyd etdilər. 

Sonra dissertasiya işinə dair rəylər nəzərə çatdırıldı. Rəsmi opponentlər çıxış edərək dissertasiya işinin əhəmiyyətini ifadə etdilər, səsləndirilən iradların aradan qaldırılmasını tövsiyə etdilər. 

AMEA-nın müxbir üzvü, professor Rasim Əliquliyev, texnika elmləri doktorları - Nadir Ağayev, Ramiz Alıquliyev, Məsumə Məmmədova, professor Məhəmməd Əhmədov, texnika üzrə fəlsəfə doktorları - Rəşid ƏləkbərovYadigar İmamverdiyevZərifə Cəbrayılova və Qəzənfər Orucov, iqtisad üzrə fəlsəfə doktoru, dosent Əlövsət Əliyev və digərləri dissertasiya işində qarşıya qoyulmuş məqsədə çatmaq üçün əsaslı tədqiqat aparıldığını, əhəmiyyətli elmi nəticələrin əldə edildiyini bildirdilər. 

Sonra gizli səsvermə keçirildi. İddiaçılara texnika üzrə fəlsəfə doktoru elmi dərəcəsinin verilməsi ilə əlaqədar Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının qarşısında vəsatət qaldırılması təklif edildi.