AMEA İnformasiya Texnologiyaları İnstitutunun 12 saylı şöbəsinin müdiri Mədinə Səidova rəhbərlik etdiyi şöbənin illik hesabatını təqdim edib. Məruzəçi öncə il ərzində şöbədə aparılmış elmi-tədqiqat işləri haqqında ətraflı məlumat verib. Bibliometrik üsulların e-kitabxana mühitində tətbiqi imkanları, gələcək nəsil elektron kitabxanaların formalaşması prinsipləri, müasir elektron kitabxana şəbəkəsinin yaradılması mexanizmlərinin işlənməsi və s. istiqamətlərdə araşdırmaların aparıldığını və elmi nailiyyətlərin əldə olunduğunu diqqətə çatdırıb.
O, şöbənin elmi-innovasiya və praktiki fəaliyyəti barədə məlumat verərək beynəlxalq elmi-texniki cəmiyyətlərə və rəqəmsal kitabxanalara üzvlüklə əlaqədar bir sıra tədbirlərin görüldüyünü bildirib. Eyni zamanda institutun Elektron Kitabxana Mərkəzinin fəaliyyəti haqqında müxtəlif statistik məlumatların hazırlandığını nəzərə çatdırıb.
Şöbə əməkdaşlarının elmmetrik göstəriciləri barədə də məlumat verən məruzəçi tanınmış elmi jurnallarda 6 məqalənin nəşr olunduğunu deyib.
M.Səidova şöbədə beynəlxalq əməkdaşlıq çərçivəsində görülən işlərdən də söz açıb. İnstitut əməkdaşlarına Azərbaycan Kitabxana İnformasiya Konsorsiumunun üzvü olaraq EBSCO, eİFL və s. kimi informasiya bazalarından istifadə imkanlarının yaradıldığını bildirib.
Sonra, məruzəçi il ərzində elmi-pedoqoji fəaliyyət, konfrans və simpoziumlarda iştirak, o cümlədən müxtəlif təyinatlı nəşrlərin çapı ilə bağlı görülən işləri də diqqətə çatdırıb. Qeyd edib ki, hesabat ilində şöbənin təşkilatçılığı ilə “E-kitabxanaların formalaşması problemləri” respublika elmi-praktiki konfransı keçirilmiş, konfransın bölmə iclaslarında e-kitabxanaların formalaşmasının konseptual əsasları, texnoloji təminatı, təşkilatı-hüquqi, təhlükəsizlik, terminoloji problemləri, sosial-iqtisadi və kulturoloji aspektləri və digər mövzularda 47 məruzə dinlənilmişdir.
Şöbənin fəaliyyəti qənaətbəxş hesab edilib, sual və təkliflər səsləndirilib.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.