AMEA İnformasiya Texnologiyaları İnstitutunda növbəti elmi seminar keçirildi. Tədbiri giriş sözü ilə AMEA-nın akademik-katibi, İnformasiya Texnologiyaları İnstitutunun direktoru, akademik Rasim Əliquliyev açaraq gündəlikdə duran məsələlər barədə məlumat verdi. Tədbirin böyük ölçülü verilənlərin çoxsaylı problemlərinin araşdırılmasına həsr olunduğunu bildirdi. Qeyd etdi ki, bu problemlərdən biri də böyük ölçülü verilənlərin analizidir.
Sonra institutun şöbə müdiri, texnika üzrə elmlər doktoru Ramiz Alıquliyev “Böyük ölçülü verilənlərin klasterləşməsi alqoritmləri” mövzusunda məruzə ilə çıxış edərək klasterləşmə metodları haqqında məlumat verdi. Bu metodların öyrədilən, yarım-öyrədilən və öyrədilməyən olmaqla siniflərə ayrıldığını bildirdi.
Böyük ölçülü verilənlərin klasterləşməsi metodlarının paralel sistemlər üzərində işləyən metodlara bölündüyünü bildirən R.Alıquliyev bu zaman rast gəlinən problemlərdən danışdı.
Big Datanın klasterləşməsinin təsnifatını təqdim edən məruzəçi bir maşında və çox sayda maşınlarda həyata keçirilən klasterləşmə metodlarını diqqətə çatdırdı, bölünmə, sıxlıq, qrid və modelə əsaslanan alqoritmlər, o cümlədən iyerarxik alqoritmlərin tətbiqinin üstünlükləri və çatışmazlıqlarından söz açdı.
R.Alıquliyev böyük ölçülü verilənlərin bir kompüterdə klasterləşməsini həyata keçirməyə imkan verən yeni metod haqqında məlumat verərək aparılmış eksperimentlərin nəticələrini nümayiş etdirdi və gələcək tədqiqatların istiqamətlərini nəzərə çatdırdı.
Məruzə ətrafında gedən müzakirələrdə iştirak edən institutun direktor müavini, texnika üzrə fəlsəfə doktoru Rəşid Ələkbərov, şöbə müdirləri, texnika üzrə fəlsəfə doktorları Yadigar İmamverdiyev, Bikəs Ağayev, Vüqar Musayev və Fərhad Yusifov, layihə baş mühəndisi, texnika üzrə fəlsəfə doktoru Şəfəqət Mahmudova və digərləri öz sual və təkliflərini səsləndirdilər.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.