Bu gün AMEA İnformasiya Texnologiyaları İnstitutunun Tədris-İnnovasiya Mərkəzində (TİM) 2016-2017-ci tədris ilində Akademiyada magistratura pilləsinə qəbul olunmuş magistrantlara xarici dil fənnindən ilk dərs keçirildi.
İnstitutun Texnologiyalar üzrə direktor müavini, texnika üzrə fəlsəfə doktoru Rəşid Ələkbərov magistrantları salamlayaraq onlara yeni tədris ilində uğurlar arzuladı.
2016-2017-ci tədris ilində akademiyada magistratura pilləsinə 19 ixtisas üzrə 56 nəfərin qəbul olunduğunu söyləyən R.Ələkbərov magistratura təhsilinin yüksək səviyyədə təşkili, magistrantların prioritet elmi istiqamətlərdə araşdırmalar aparmaları üçün AMEA rəhbərliyi tərəfindən bütün zəruri addımların atıldığını bildirdi. Onun sözlərinə görə, son illər AMEA-da elmi fəaliyyətin səmərəliliyinin daha da artırılması, Akademiyada aparılan fundamental araşdırmaların nəticələrinin sosial-iqtisadi və digər sahələrdə tətbiqinin təmin edilməsi məqsədilə kompleks tədbirlər görülür.
Sonra çıxış edən institutun Tədris-İnnovasiya Mərkəzinin rəhbəri Rəsmiyyə Mahmudova magistrantlara ümumi fənlər – xarici dil, fəlsəfə, pedaqogika və psixologiya üzrə nəzəri və praktiki dərslərin TİM-də peşəkar müəllimlər tərəfindən yüksək səviyyədə tədris ediləcəyini, semestr imtahanlarının elektron test üsulu ilə həyata keçiriləcəyini vurğuladı.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.